YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni imkanlar, yeni üfüqlər açılır

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana səfəri ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlığın növbəti sübutudur. Səfər zamanı prezidentlərin birgə bəyanatı zamanı Prezident İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu və bundan sonra əlaqələrin daha da inkişaf etdiriləcəyini qeyd etdi. Ölkə başçısı bildirdi ki, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.

Mətbuata bəyanatında Şuşa Bəyannaməsinə diqqət çəkən Prezident İlham Əliyev bu tarixi anlaşma nəticəsində Türkiyə və Azərbaycanın rəsmən müttəfiq olduqlarının xatırlatdı. Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Məhz bu baxımdan Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır.

Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Belə ki, ölkələrimiz arasında müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Beynəlxalq hüququn işləmədiyi və güc amilinin ön plana çıxdığı müasir dünyada güclü orduya malik olmaq mütləqdir. Azərbaycan 30 il işğaldan əziyyət çəkmiş ölkə olaraq çox yaxşı bilir ki, beynəlxalq hüquq heç də işləmir və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran isə Azərbaycan Ordusunun gücü oldu.

Türkiyə və Azərbaycan arasında hər bir sahədə əməkdaşlıq artan dinamika ilə inkişaf edir. Misal olaraq ticarət dövriyyəsini qeyd etmək olar. Belə ki, ölkələrimiz arasında ticarət dövriyyəsi sürətlə artır. Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artıq 6 milyard dollara yaxınlaşıb və gələcəkdə daha da artacaq. Bunu həyata keçirilən birgə layihələr, xüsusilə də enerji sahəsində icra ediləcək layihələr təmin edəcək. Məlum olduğu kimi Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bundan sonra da artacaq. Eyni zamanda, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində işlər təbii qaz məsələsi ilə məhdudlaşmır. Ölkələrimiz arasında bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.

Mətbuata bəyanatında Prezident İlham Əliyev indiki geosiyasi şəraitdə Orta Dəhlizin önəminin daha da artdığına diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Bu mövzuda fikir bildirərkən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının qaçılmazlığını da bəyan etdi. Zəngəzur dəhlizinin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.