YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı əlaqələrimiz daha da güclənib

“Azərbaycanla Türkiyə arasında münasibətlər sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanır. Münasibətlərimizin qədim tarixi kökləri var. Dil, din, soykökü və ortaq dəyərlərə əsaslanan əlaqələrimiz davamlı olaraq inkişaf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçilərində növbəti dəfə qələbə qazanmasından qısa müddət sonra ölkəmizə səfər etməsi də bu reallığı təsdiqləyir. Sevindirici haldır ki, son illər qarşılıqlı əlaqələrimiz daha da güclənib. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Türkiyənin ortaq təşəbbüsləri regionun firəvan gələcəyi üçün olduqca böyük önəm kəsb edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, iki il öncə Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş dövlət münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Cənab Rəcəb Tayyib Ərdoğanın dövlət səfərininin 15 İyun Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü ərəfəsində gerçəkləşməsi rəmzi məna daşıyır. Azərbaycanla Türkiyənin münasibətlərinin hazırkı səviyyəsi böyük  öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və  Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Prezidentlərin geniş tərkibdə görüşü zamanı dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır.

Millət vəkilinin sözlərinə görə, Türkiyədəki seçkilər demokratiyanın təntənəsi, türk xalqının milli iradəsinin göstəricisi oldu. Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbə qazanmasını xalıqmız da böyük sevinclə qarşıladı.  Prezidentlərin mətbuata bəyanatında cənab Ərdoğanın qələbəsinin  20 ildən çox müddət ərzində apardılan siyasətin Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilməsinin təzahürü olduğunu deyən dövlətimizin başçısı İlham Əliyev vurğulayıb: “Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya çapında böyük güc mərkəzinə çevrilmişdir. İstər xarici siyasət sahəsində, istər daxili siyasət sahəsində fəaliyyətiniz Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir. Sizin qələbəniz Azərbaycan xalqını da çox mutlu etmişdir. Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm də heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır”.

Azərbaycanla Türkiyə hər zaman bir birinin yanında olduğunu deyən Pərvin Kərimzadə qeyd edib ki, xalqımız 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin dəstəyini heç vaxt unutmur və unutmayacaq. Müharibənin başladığı ilk saatlarda Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan etdi. Türkiyənin mənəvi və siyasi dəstəyi bizi daha da ruhlandırdı, bu, qələbənin qaqzanılmasında mühüm amil oldu.

Eyni zamada, bu ilin fevral ayında Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan böyük dəstək verdi. Xilasetmə işlərində dövlətimizin dəstəyi, zəlzələdən zərərçəkmiş insanlara yardım üçün vətəndaşlarımızın fədakarlığı birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı bildirib: “Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram”.

YAP İdarə Heyətinin üzvü söyləyib ki, prezidentlərin görüşü zamanı Zəngəzur dəhlizinin açılması, regiondakı proseslər, siyasi, iqtisadi, humanitar, hərbi və digər sahələrdə  əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Məlumdur ki, qardaş Türkiyə bu gün dünyada söz sahibi olan dövlətdir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan nəinki regionda, bütün dünyada mövqelərini möhkəmləndirib. İki qardaş ölkənin regionun gələcək inkişafı ilə bağlı ortaq hədəfləri var. Bu hədəflərə doğru inamla irəliləyirik. Bütövlükdə, ölkələrimizin hədəfi Cənubi Qafqazı sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevirməkdir. Haqlı mövqeyimizə mane olmaq istəyən qüvvələr olsa da, proseslər onu göstərir ki, Azərbaycanla Türkiyənin birgə addımları davamlı olaraq müsbət nəticələrini verir və bundan sonra da verəcək.