YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığımıza töhfə

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan və Türkiyə dost-qardaş ölkələrdir. Ölkələrimizin qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. İki ölkə həm sevincli günlərdə, həm də kədərli günlərdə bir-birinin yanındadır. Qardaş ölkə Vətən müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan etmiş və son günə qədər öz siyasi dəstəyini əsirgəməmişdir. İki il öncə isə Şuşada imzalanan Bəyannamə ilə ölkələrimiz rəsmən müttəfiq oldular.

İyunun 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Prezidentlərin mətbuata bəyanatı zamanı Prezident cənab İlham Əliyev Şuşa Bəyannaməsinə diqqət çəkərək bildirdi ki, Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır və bu Bəyannamə tarixi anlaşmadır. Şuşa Bəyannaməsi həm Azərbaycan, həm Türkiyə, eyni zamanda region üçün çox mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.

Mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır.

Ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. Həmçinin ölkələrimiz hər zaman xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bütün bunlar isə Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrindən irəli gəlir.

İki ölkə arasında ticarət dövriyyəsi də sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıb. Həyata keçirləcək layihələr, xüsusilə də enerji sahəsindəki layihələr nəticəsində ticarət dövriyyəsi gələcəkdə daha da artacaq. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və əldə edilmiş razılığa əsasən bundan sonra da artacaq. Eyni zamanda, Türkiyə ərazisindən Avropa ölkələrinə də Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində işlər təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.

Ümumiyyətlə, Türkiyə-Azərbaycan əməkdaşlığı hər bir sahəni əhatə edir və Zəngəzur dəhlizinin açılması əməkdaşlığımıza əlavə töhfə olacaq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.

İyunun 13-də ölkəmizə səfəri zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatı zamanı bir çox önəmli mesajlar verərək Türkiyə və Azərbaycanın iki qardaş ölkə olaraq “Bir millət, iki dövlət” düşüncəsi ilə bundan sonra da  birgə addımlayacağını bildirdi.