YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarsılmaz qardaşlığın daha bir nümunəsi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra   iyunun 12-də ölkəmizə dövlət səfəri münasibətlərimizin dünəninə baxış əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin təqdimatında əhəmiyyətli rol oynadı. “Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır” söyləyən Prezident İlham Əliyev bildirdi ki, həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq: “Həm təkbətək görüş zamanı, həm də heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.”

Səfərin iki qardaş ölkənin gələcək münasibətlərinin inkişafında yol xəritəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə təsadüf etdiyi xüsusi qeyd edilərək bu mühüm məqama da diqqət çəkildi ki, sənəd tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Dövlət başçısı bildirdi: “Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm.”

Səfər çərçivəsində Prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində dostluq və qardaşlığımızın təsdiqi kimi əlaqələrimizin yüksələn xətlə inkişafı əsaslı şəkildə diqqətə çatdırıldı. İqtisadi, siyasi, hərbi, xarici siyasət və humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu. Prezident İlham Əliyev bildirdi ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Cənab Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizin bütün sahələrdə inkişaf etdirməkdə qərarlı olduğumuzu, Türkiyənin Şuşadakı baş konsulluğunu istənilən vaxt açmağa hazır olduqlarını bildirdi.  Qeyd edildi ki, bu, bütün dünyaya bir mesaj olacaq.

Bu gün Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün yeni imkanlar yaranıb. Hər zaman bir yerdə olan Azərbaycanla Türkiyə qardaş ölkə olaraq bir-birilərinin sevincini və kədərini bölüşürlər. Dünya 44 günlük İkinci Qarabağ müharibəsində, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarının qəbulunda və uğurla həyata keçirilməsində Türkiyənin dəstəyinin şahidi olur. Bu ilin fevral ayında Türkiyədə güclü zəlzələ baş verdikdə Azərbaycan dövləti öz qardaş dəstəyini göstərdi. Dünya növbəti dəfə bu dostluğun, qardaşlığın nümunəsini gördü. Bu kimi  reallıqlar  dünyada Azərbaycan və Türkiyə qədər sıx qardaşlıq bağları olan ölkələrin olmadığını göstərir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. 

Qısa təhlil əsasında bu fikri böyük qürurla qeyd edirik ki, səfər Azərbaycanla Türkiyə arasında sarsılmaz qardaşlığın daha bir nümunəsi oldu.

DİGƏR Xəbərlər Arxiv