YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın qadın voleybolçuları mübarizəni dörddəbir finalda davam etdirəcəklər

İyunun 21-də birinci Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarında qrup mərhələsinə yekun vurulub.

“Baku Crystal Hall”da keçirilən yarışda günün ilk qarşılaşması “A” qrupu çərçivəsində Belçika və Polşa komandaları arasında olub. Görüşdə beş set oynanılıb və yekunda belçikalılar 3:2 (25:22; 21:25; 23:25; 25:22; 16:14) hesabı ilə qalib gəliblər. Bu qrupun digər oyunlarında Rumıniya yığması İtaliya kollektivini 3:0 (25:23, 25:16 və 25:21), Türkiyə millisi isə Azərbaycan komandasını 3:0 (23:25, 24:26 və 21:25) hesabı ilə məğlub edib.

“B” qrupunun ilk görüşündə Niderland voleybolçuları bolqarıstanlı rəqiblərini məğlub ediblər – 3:0 (25:20, 25:18 və 25:19). Digər oyunda isə Almaniya yığması Xorvatiya komandası üzərində 3:0 (25:21, 25:22 və 25:19) hesablı qələbə qazanıb.

Qadınlar arasında voleybol yarışının qrup mərhələsinə Rusiya və Serbiya komandalarının görüşü ilə yekun vurulub. Qarşılaşmada Serbiya komandası 3:0 (30:28, 25:14 və 25:16) hesabı ilə qalib gəlib.

Beləliklə, birinci Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarında beş turdan sonra “A” qrupunda 13 xalla Türkiyə millisi birinci olub. Azərbaycan millisi 11 xalla ikinci, Polşa yığması 9 xalla üçüncü, Belçika (6 xal) dördüncü, Rumıniya (3 xal) beşinci, İtaliya isə (3 xal) sonuncu pillədə qərarlaşıb. Bu qrupdan Türkiyə, Azərbaycan, Polşa və Belçika milliləri dörddəbir finalda oynamaq hüququ əldə ediblər.

“B” qrupunun lideri isə 11 xalla Niderland millisi olub. Bu qrupu Serbiya (10 xal) ikinci, Almaniya (9 xal) üçüncü, Rusiya (5 xal) dördüncü, Bolqarıstan (4 xal) beşinci, Xorvatiya (3 xal) altıncı pillədə başa vurub. “B” qrupundan Niderland, Serbiya, Almaniya və Rusiya komandaları dörddəbir finala vəsiqə qazanıblar.

Dörddəbir final görüşləri iyunun 23-də keçiriləcək. Azərbaycan yığmasının rəqibi Almaniya kollektivi olacaq.