YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir

Gədəbəy rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Gədəbəy rayon təşkilatı iyunun 13-də rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir qüdrətli Azərbaycan” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Ulu Öndər Heydər Əliyevin ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya inteqrasiya prosesinə qoşulmasında və modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb.

YAP İdarə Heyətinin üzvü, Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev söyləyib ki, Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət edib. Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. 

Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev  vurğulayıb ki, müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev tarix yaradan əvəzolunmaz şəxsiyyətdir. Onun sözlərinə görə,  Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Daha sonra çıxış edən Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Düzyurd kənd tam orta məktəbin direktoru, partiya üzvü Kəklik İbrahimova çıxışlarında vurğulayıblar ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmayacaq. Bu gün qalib və qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm uğurlar qazanır.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.