YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın tərəqqisi Ümummilli Liderin adı ilə bağlıdır

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Nizami rayon təşkilatı və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 13-də “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin tarixi xilaskarlıq fəaliyyətindən bəhs edən “Milli dövlətçiliyimizin xilaskarı” adlı videoçarx nümayiş olunub.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirmişdir. Azərbaycanın hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən, dahi rəhbərin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışıb. Onun sözlərinə görə, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov qeyd edib ki, bu gün tarixinin ən güclü və qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şanlı Zəfər təntənəsinin qalibiyyət ruhu ilə yaşayan Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.

Milli Məclisin deputatı Rasim Musabəyov diqqətə çatdırıb ki, Azərbaycanın inkişafına yönəlmiş siyasətin təməlini qoymuş Ulu Öndər Heydər Əliyev  xalqımıza böyük nailiyyətlər qazandırıb. Ümummilli Lider Azərbaycan xalqının müdriklik simvolu, müdriklik zirvəsi idi.  Bu zirvədən baxanda yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü və sabahı görünür.

Konfrans Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kamera Orkestrinin konsert proqramı ilə baş çatıb.