YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlıq münasibətlərimizin yüksək nümunəsi

Qardaşlığın əsl nümunəsini dünyaya nümayiş etdirən Azərbaycan və Türkiyə əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını atdıqları bütün addımlarda, irəli sürdükləri təşəbbüslərdə təsdiqləyirlər. Cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana dövlət  səfəri bu qardaşlığın ən parlaq nümunələrindən biridir. Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bugünümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi  apararaq gələcək hədəfləri açıqladılar. Rəcəb Tayyib Ərdoğanın  yenidən prezident seçilməsi  münasibətlərimizin bundan sonra daha da  inkişafında öz sözünü deyəcək. “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir” söyləyən dövlət başçısı İlham Əliyev  onu da əlavə etdi ki,  Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcəklər. Xarici siyasətlə əlaqədar aparılan  birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi faktoru çox önəmlidir.

Bu fikirlərin davamı olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirdi ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən  əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğu istənilən vaxt açmağa hazırıq.  Şuşadakı baş konsulluğun açılması  başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsindən bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində  bu mühüm məqam xüsusi qeyd edilir ki, qardaş Türkiyə Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu dəstək Azərbaycana güc verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarında da  Prezident İlham Əliyev bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. İki gündən sonra Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü qeyd ediləcək. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, dünya bu qardaşlığın növbəti  nümunəsini Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı gördü. Azərbaycan hökuməti və xalqı  Türkiyə xalqının dərdini öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdi. Dəstək yalnız  maddi və humanitar  sferalarla məhdudlaşmadı. Eləcə də  siyasi müstəvidə özünü göstərdi.  Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə  Ankarada  Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə  Zirvə görüşü keçirildi.  Bu tədbirin Şuşada  keçirilməsi nəzərdə tutulmuşdu.  Dövlət başçısı İlham Əliyev  Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar   qardaş ölkəyə dəstək məqsədilə  Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Bu Zirvə görüşünün ardınca İstanbulda “TEXNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində  Azərbaycanın zəlzələ baş verən Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməli qoyuldu. Bu,  türk dünyası birliyinin sarsılmazlıq nümunəsi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əskinasını təqdim etməsi də bu qardaşlıqdan irəli gələn mühüm addım oldu.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir. Hazırda əsas hədəflər sırasında Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması  məsələsi xüsusi yer tutur.  Dövlət başçısı İlham Əliyev ümidvar olduğunu bildirdi ki, yaxın gələcəkdə,  aylarda bu məsələ də öz həllini tapacaq. Qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək.

Göründüyü kimi, iki dost, qardaş ölkə münasibətlərin yeni prioritetlər üzrə inkişaf etdirilməsində qərarlıdırlar. Tərəflər bu gün  və gələcəkdə atılacaq addımlardan məmnundurlar. Əsas olan budur ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır, hər bir yeniləyə birgə imza atmağa səy göstərirlər. Hansı sahəyə baxsaq bu birliyin, həmrəyliyin özünü qabarıq şəkildə büruzə verdiyini görərik.  Prezidentlərin  mətbuata birgə  bəyanatlarında    mühüm mesajlar da  öz əksini tapdı. Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakının dünyaya və Türkiyəyə bir mesaj olduğunu vurğulayaraq, Azərbaycana xanımı ilə birlikdə səfər etdiyini də bildirdi. Bu səfərlər iki dost ölkə arasındakı  qardaşlıq duyğularının nə qədər inkişaf etməsinin ifadəsidir.

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirmə aparıb ki, daim dünyaya qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin  daha da inkişafı üçün gözəl imkanlar yaranır. «Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır» söyləyən dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki,  bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq.