YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm addımlar atıldı

“Azərbaycan xalqının tarixində ağrılı-acılı, təlatümlü günlər az olmayıb. Belə çətin sınaqlardan çıxış yolunun tapılmasında lider amili mühüm rol oynayır. Xalqımız 1920-ci ildə Xalq Cümhuriyyətinin timsalında müstəqil dövlətini itirdikdən sonra XX əsrin sonunda istiqlaliyyətini bərpa etdi. Amma bu dövrdə də çox mürəkkəb proseslər baş verirdi, xüsusilə respublikamızın daxilində anarxiya, xaos, hakimiyyət boşluğu, digər tərəfdən isə Ermənistanın işğalçılıq siyasətinin davam etməsi müstəqilliyimizin yenidən itirilməsi təhlükəsini yaratmışdı”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, respublikada həyatın bütün sahələrini bürüyən böhran 1993-cü ilin iyun ayında özünün pik həddinə çatdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi, Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər  Heydər Əliyevin simasında görürdü. Millət vəkilinin sözlərinə görə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və təkidli dəvətini qəbul edib Bakıya gəldi. Belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, xalq öz nicatını Ümummilli Liderimizin  hakimiyyətə qayıdışında tapdı. Ulu Öndər tarixi qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı qorudu. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi başlandı. Bununla da, Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi yazıldı.

Pərvin Kərimzadə qeyd edib ki, Ümummilli Liderin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı. Həmin mürəkkəb dövrdə dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənliyi və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Xalq saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və həlledici dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğuna bir daha əmin oldu. Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə gəlişi  ilə ilk növbədə daxili ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı dəstələr ləğv olundu, ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Ölkədə ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı.

 Ermənistan-Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü nizami ordunun təməli qoyuldu. Ulu Öndərin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı. Bir sözlə, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə kağız üzərində olan müstəqilliyimiz gerçəyə çevrildi. Ulu Öndər müstəqil Azərbaycanın möhkəm, sarsılmaz təməllərini atdı, milli dövlətçiliyimizin əbədi olması üçün güclü inkişaf strategiyası müəyyənləşdirdi.

Bu gün Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyinin etibarlı əllərdə olduğunu deyən YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilmiş inkişaf xəttini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən ötən dövrdə Azərbaycan cənab Prezidentin liderliyi möhtəşəm nailiyyətlər əldə edib. Bu nailiyyətlərin zirvəsində isə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər dayanır. Tarixi zəfər nəticəsində Azərbaycan öz ərazilərini işğaldan azad etdi, bununla da haqq-ədalət öz yerini tutdu. Vətən müharibəsində qazanılmış qələbə ilə Azərbaycanın nəinki regionda, bütün dünyada nüfuzu əhəmiyyətli dərəcədə artdı. Bu gün regionun gələcəyinin müəyyənləşməsində Azərbaycanın mövqeyi həlledici rol oynayır. Müstəqil ölkəmiz Qurtuluş məfkurəsinin işığında bundan sonra da möhtəşəm zəfərlər qazanacaq!

DİGƏR Xəbərlər Arxiv