YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünənimizə baxış, gələcək hədəflərin təqdimatı

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan və Türkiyə hər an qardaşlığın əsl nümunəsini dünyaya təqdim edir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə bu birliyin təqdimatında əhəmiyyətli rol oynayan “Azərbaycan tək deyil” mesajı 2021-ci il 15 İyun-Milli Qurtuluş Günündə Şuşada iki qardaş ölkənin müttfiqliyinin rəsmiləşdirilməsi ilə nəticələndi. Türkiyə dövlətinin, xalqının 44 gündə Azərbaycana mənəvi və siyasi dəstəyi bizi daha da ruhlandırdı, tarixi Zəfərə yol açdı. Şuşada verilən mesajları nəzərə alaraq, iki ölkənin Prezidentlərinin - İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan münasibətlərində yeni bir dövrə qapı açdıqlarını böyük qürur hissi ilə qeyd edirik. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə münasibətlərinin yeni yol xəttini təyin edən sənəddir. Həmin sənədin imzalanması mərasimində diqqət çəkən mühüm məqamlardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada baş konsulluğun açılacağı barədə səsləndirdiyi fikirlər oldu.  Bu bəyanat bir daha bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu və qardaş Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə verdiyi əhəmiyyəti açıq şəkildə çatdırdı. İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsini əhəmiyyətini dolğun şəkildə ifadə etdi: “Bəyannamə yaxşı bir əməkdaşlıq sənədi olmaqla yanaşı gələcək münasibətlər üçün zəmanətdir”. Prezident müdafiə sahəsindəki əlaqələrə və Zəngəzur dəhlizinə də diqqət çəkərək, bu dəhlizin mütləq tətbiq olunacağını vurğuladı. Bu fikir Ermənistanda 10 noyabr Bəyanatının icrasına etiraz edən siyasi qüvvələrə, revanşistlərə ciddi mesaj oldu.

Ötən il Yeni Azərbaycan Partiyasının və Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda dövlət rəsmiləri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak etdilər. Dövlət başçısı İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirmişdir ki, Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun – Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir.

Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir. Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir. Eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Bəyannamədəki vacib məsələlər arasında 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması, tarixçilər tərəfindən aparılan araşdırmalara dəstək, parlamentlərarası əlaqələrin gücləndirilməsi və dünyanın müxtəlif ölkələrində Azərbaycan – Türk diasporları arasında əlaqələrin inkişafı mühüm yer tutur.

Ümumilikdə sənəd dünənimizə baxış, gələcək hədəflərin təqdimatıdır. Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı üçün bütün imkanlar mövcuddur.