YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxşaxəli müttəfiqliyimizin rəmzi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Bu baxımdan ki, kimin haqqın, ədalətin, kimin isə təcavüzkarın, şərin yanında olduğu bir daha açıqlandı. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında qardaş ölkənin 44 günlük Vətən müharibəsində sonadək mənəvi və siyasi dəstəyi xüsusi qeyd edilir və bildirilir ki, bu dəstək bizə böyük güc verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” mesajı özündə bütün məqamları ehtiva etdi.

Reallıq budur ki, bu birlik, həmrəylik dünya üçün nümunədir. Dövlət başçısı İlham Əliyevin “Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır” fikri iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin region, dünya üçün əhəmiyyətini açıqlayır. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır.  Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim dünyaya nümunə göstərilir.

2021-ci ilin 15 İyun-Milli Qurtuluş Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və Prezident İlham Əliyev ilə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalaması tariximizə əlamətdar bir gün kimi yazıldı. Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur. Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır. Bu mühüm addım işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.

Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan məsələlər Bəyannamədə öz əksini tapıb. Bunlar hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi və sairdir.

Ümumilikdə Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında bu günədək mövcud olan əməkdaşlığın daha da inkişafına, yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyinin dünyaya təqdimatıdır. Bir sözlə, bu sənəd çoxşaxəli müttəfiqliyin rəmzidir. Şuşa Bəyannaməsində nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq.