YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluşa gedən yol

İyunun 7-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında ASAN könüllülərinin iştirakı ilə “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə gənclərə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” fikrini xatırlatdı. Dahi şəxsiyyətin əsas çağırışları sırasında bu mühüm məqam xüsusi yer tuturdu ki, gənclər  tariximizi,  dilimizi, milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı yaxşı bilməlidir. Hər kəs Vətəni sevməyi məhz Ümummilli Lider Heydər Əliyevdən öyrəndi. 

Vüqar Rəhimzadə tədbirin mövzusuna diqqəti yönəldərək bu fikri böyük inamla qeyd etdi ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə rəhbərlik edənlərin  səriştəsizliyi, idarəçilik qabiliyyətinin olmaması, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı uçuruma gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin vaxtda xalq ayağa qalxdı və xilaskarını – Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Dahi şəxsiyyətin  hakimiyyətə qayıdışı ilə ölkəmizin həyatında yeni bir mərhələnin əsası qoyuldu. Yeni Azərbaycan quruldu. Siz gənclər  bu gün belə güclü, qüdrətli, qalib Azərbaycanın vətəndaşı olduğunuz üçün qürurlusunuz.

YAP Xətai rayon təşkilatının sədri  gənclərə Azərbaycanın həyatında əhəmiyyətli rol oynayan dönüş nöqtələrindən söhbət açdı. Bildirdi ki, bu tarixi məqamlardan biri bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Partiyanın zamanın istəyi, xalqın tələbi ilə yarandığını önə çəkən Vüqar Rəhimzadə xalqın böyük əksəriyyətinin istəyini özündə birləşdirən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciətindən bəhs etdi. Vurğuladı ki, belə bir partiyanın yaradılmasını şərtləndirən amillərin yer aldığı həmin müraciəti imzalayanlar arasında mənim də adımın olmasından həmişə sonsuz qürur duyuram. Həyat və fəaliyyətimdə bu tarixi məqamın xüsusi yeri və rolu vardır.

Natiq onu da qeyd etdi ki, Vətənini, xalqını canından artıq sevən Ümummilli Lider Heydər Əliyev həmin müraciətə  cavabı ilə bir daha xalqın yanında olduğunu təsdiqlədi və yeni yaranacaq partiyanın gələcəyinə inamını ifadə etdi. Onun artıq aforizmə çevrilən “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, daim partiyanın fəaliyyətinə bələdçilik edir. YAP yarandığı gündən ümumxalq partiyasına çevrilərək milyonların sevgisini qazandı. Sözlə əməl birliyi partiyamızın cəmiyyətin avanqard qüvvəsinə çevrilməsində  əsas amil oldu.

Vüqar Rəhimzadə bildirdi ki, 1993-cü il 9 iyun tarixində Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya gəlişindən 30 illik zaman keçir. Ötən 30 ildə Azərbaycanın keçdiyi inkişaf yolunu, uğurlarımızı təbii ki, bir tədbirdə əhatə etmək qeyri-mümkündür. Siz gənclər  müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin müqayisəli təhlilini  apararaq Azərbaycanın bugünkü xoşbəxt həyatı  üçün kimə borclu olduğumuzu bilməlisiniz. Dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil Azərbaycan milli sərvətimizdir. Ümummilli Lider Azərbaycanın dünyaya Günəş kimi doğmasını arzu edirdi və bu inamı da bildirirdi ki, çətin günlər keçib gedəcək, hər kəs belə bir güclü, qüdrətli dövlətin vətəndaşı olmasından qürur duyacaq. Qısa zamanda Azərbaycan Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində möhtəşəm uğurlara imza atdı. Bu gün dünyaya səs salan tarixi Zəfərimiz də Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən Onun 2003-cü ildə xalqa tarixi müraciəti xüsusi qeyd edilir. Həmin müraciət bugünkü uğurlarımızın başlanğıcı oldu. Prezident İlham Əliyev ilk gündən Azərbaycanın qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyi vədini verdi və bunu əməli fəaliyyəti ilə təsdiqlədi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı Şuşanın 8 noyabr 2020-ci il tarixdə azad edilməsindən sonra xalqa müraciətində  ata vəziyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini açıqlaması görülmüş işlərin ümumiləşdirilmiş ifadəsi oldu.

“Qurtuluşun Azərbaycana qazandırdığı uğurlar barədə günlərlə, aylarla danışa bilərik” söyləyən YAP Xətai rayon təşkilatının sədri diqqəti ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatına da yönəltdi. Bildirdi ki, könüllülük  vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Könüllülərimiz öz müasirliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və  dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verirlər. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər İli” elan edilməsi də gənclərə göstərilən diqqət və qayğının tərkib hissəsi oldu. Ayrı-ayrı strukturlarda yaradılan könüllülər qrupu gənclərimizin fəaliyyət istiqamətlərini daha da genişləndirmələrinə, onların inkişafına böyük imkanlar yaratdı. Dövlət başçısı  İlham Əliyevin qeyd etdiyi kimi, könüllülük hərəkatı “ASAN xidmət”dən başlayıb.   "ASAN xidmət"də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün "ASAN xidmət" bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə Azərbaycanın köməyi ilə bu sistemi tətbiq etməyə başlayıb. "ASAN xidmət" yeni və müasir bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır.

Vüqar Rəhimzadə çıxışının sonunda gənclərə uğurlar arzuladı. Dövlətin gənclərin inkişafına xidmət edən addımlarının  davamlı olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün Azərbaycan gəncləri vətənpərvərlikləri ilə dünyanın diqqətindədirlər. Tarixi Zəfərimizi şərtləndirən amillərdən danışarkən beynəlxalq səviyyədə də bu məqam xüsusi vurğulanır ki, Azərbaycan gəncləri vətənpərvər gənclərdir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla addımlaması yolunda hər birimiz səylə çalışmalıyıq.

2 saylı Bakı “ASAN xildmət” mərkəzinin direktoru Labidə Batıyeva Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs etdi. Bildirdi ki, möhkəm təməl üzərində davamlı uğurlara imza atan Azərbaycanın 30 il davam edən işğala 44 gündə son qoyması ilə çoxəsrlik tariximizin Zəfər səhifəsinin yazılması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaradır. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.

Diskussiya şəklində davam etdirilən tədbirdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə könüllüləri maraqlandıran sualları cavablandırdı.