YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artan gücü təsdiqləyən faktor

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Bugünlərdə Azərbaycan parlamenti tərəfindən  2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun qəbul olundu. Qanuna əsasən büdcənin gəlir və xərc hissəsinə yeni əlavələr edilib. Bu fakt özlüyündə dövlətimizin iqtisadi gücünün göstəricisidir.

Azərbaycanın 2030-cu ilədək müəyyənləşdirdiyi strateji məqsədlər sırasında 44 günlük müharibədə işğaldan azad olunan ərazilərin bərpası, burada zəruri infrastruktur quruculuğu və Böyük Qayıdış beş mühüm prioritetdən biri kimi nəzərdə tutulub. Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı Sərəncamla təsdiqlənən müvafiq Strategiyada Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına müharibə başa çatdıqdan dərhal sonra başlayıb. İndiyədək Qarabağın bərpasına dövlət büdcəsindən 6,4 milyard manat vəsait ayrılıb. Cəmi iki il yarım vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda infrastruktur layihələrinin icrası uğurla başa çatıb. Yeni layihələrin icrası da intensiv şəkildə davam etdirilir. Ötən il keçmiş qaçqın və məcburi köçkün soydaşlarımız işğaldan azad edilmiş ərazilərə ilk qayıdışın böyük sevincini yaşayıblar. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsi məskunlaşdırılıb. Mart ayında Talış kəndinə bir qrup ailə köçürüldü. Mayın sonlarında isə Laçına 20 ailənin köçü baş tutdu. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub.

Belə layihələrin icrası  digər ərazilərdə də həyata keçirilir. Azərbaycan qarşıdakı dövrdə işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinin miqyasını daha da genişləndirmək niyyətindədir. 2023-cü ilin əvvəlindən bəri əldə olunan müsbət iqtisadi inkişaf göstəriciləri buna imkan verir. Cari ilin dövlət büdcəsinə edilən əlavələrdə də Böyük Qayıdış amili yenə də diqqət mərkəzində saxlanılıb. 2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək. Belə ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün əlavə 2 milyard 260 milyon manat nəzərdə tutulur. Bununla da, 2023-cü ildə bütövlükdə bu istiqamətə 5 milyard 260 milyin manat vəsait ayrılmış oldu. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə imkan verəcək.

Cari ilin büdcəsinə edilən əlavələr sırasında müdafiə sahəsi də xüsusi diqqət mərkəzində saxlanılıb. Çünki mövcud reallıqlar, xüsusilə də Ermənistanın yeni müharibə riski yaratması ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə əlavə vəsaitlərin yönəldilməsini aktual edir. Ona görə də, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün büdcəyə əlavə olaraq 1 milyard 105 milyon manat vəsait ayrılıb.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dinamik inkişafını uğurla davam etdirir. Bu ilin dövlət büdcəsinə əlavələrin edilməsi məhz bu reallığı bir daha özündə ehtiva edir!