YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həyata keçirilən siyasi və iqtisadi islahatların təqdimatı

“Yola saldığımız ötən həftənin ən önəmli hadisəsi Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu. 35 ölkəni təmsil edən 320 fərqli şirkətin iştirak etdiyi sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər geniş maraq doğurmaqla yanaşı, Azərbaycanın sosial-iqtisadi inkişafının, həyata keçirilən siyasi və iqtisadi islahatların beynəlxalq ictimaiyyətə təqdimatı baxımından çox faydalı oldu.” Bu fikirləri YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib.

O, qeyd edib ki, Cənubi Qafqazın lider dövləti Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir, dünyada etibarlı tərəfdaş, güc və söz sahibi kimi də təqdir edilir. Regionunda reallaşdırılan strateji layihələrin əsas təşəbbüskarı və mərkəzi aktoru kimi fərqlənən ölkəmizdə görülən genişmiqyaslı, çoxşaxəli işlər, qlobal layihələr, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi dünya ictimaiyyətinin hər zaman diqqət mərkəzində olub. Cənubi Qafqazın nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionun söz sahibi Azərbaycanın Prezidenti İlham Əliyevin neft-qaz və “yaşıl enerji” ixracı sahəsindəki straji tərəfdaşlıq əlaqələri, qlobal təşəbbüsləri dünyanın nəhəng dövlətlərinin rəhbərləri, beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.

Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında Prezident İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolundan geniş bəhs edərək, bildirib ki, biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik. Bu gün isə artıq bu sahələr şaxələndirilir, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Əvvəlcə bu, neftə aid idi, indi isə qaz sahəsi burada söhbət mövzusudur. Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi, əlbəttə ki, milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Bakı Enerji Həftəsi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaratmaqla bərabər, ölkəmizin dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını, burada investisiya mühitinin çox müsbət olduğunu, xarici və yerli sərmayələrin lazımınca qorunduğunu bir daha təsdiq etdi.

Bayram Aslanov onu da qeyd edib ki, dövlət başçısi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması, qüdrətlənməsi ölkəmizi Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirməyi bacarmış bir dövlətə çevrilib. Sərgilərinin açılışındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Avropa ölkələrinin Azərbaycanla əməkdaşlıq etməsinə diqqət çəkib: “Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur”.

Azərbaycan Lideri cənab İlham Əliyevin uğurlu enerji siyasəti sayəsində ötən il Şuşada reallaşan Bakı Enerji Həftəsi çərçivəsində bərpa olunan enerji sahəsində imzalanan müqavilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” sektorunun böyük potensiala malik olduğunun təsdiqi oldu. Onun ardınca 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması da Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatındakı ölkəmizin geosiyasi çəkisini nümayiş etdirdi.

Sözsüz ki, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 29 ilə yaxın dövrdə əldə olunan uğurlar, Azərbaycanın əlverişli coğrafi vəziyyəti, iqtisadi potensialı, neft-qaz sektorundakı imkanlarının ildən-ilə genişlənməsi, yeni layihələrin icrası deməyə əsas verir ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında söz sahibi olan ölkəyə çevirib - deyə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov vurğulayıb.