YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firavan gələcəyin təməli

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü,  Milli Məclisin deputatı

Xəzər neft-qaz sərgisi ilk dəfə 1994-cü ildə keçirilib və Əsrin müqaviləsi” də həmin il “imzalanıb. “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.“Əsrin müqaviləsi” Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi.

Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev xatırlatdı ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək.

1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Bakı Enerji Həftəsi enerji sahəsində artıq aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti və Böyük Britaniyanın Baş nazirinin bu tədbirə öz məktublar ünvanlaması bunu sübut edən amillərdir. Bir sözlə, Bakı Enerji Həftəsi qlobal əhəmiyyətə malik bir tədbirdir.

Prezident İlham Əliyev öz çıxışında onu da qeyd etdi ki, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman ölkəmizin bütün təşəbbüslərini dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. 30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır. Həyata keçirilimiş tədbirlər nəticəsində artıq Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Müasir dünyada  enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür. Bir sözlə, Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun. Cənub Qaz Dəhlizi tarixi nailiyyətdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır. Azərbaycanın əsas məqsədlərindən biri də enerji marşrutları ilə bərabər enerji mənbələrini də şaxələndirilməkdir. Bunun üçün çob böyük potensial da mövcuddur. Bu əsasda bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər.

Enerji marşrutlarının şaxələnirilməsindən danışarkən Prezident İlham Əliyev diqqəti  Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışına və ötən ilin dekabr ayında Buxarest şəhərində keçirilən yaşıl enerjiyə dair mühüm tədbirə çəkdi. Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanları nəzərdən keçirilir və tezliklə qonşu ölkələrə də Azərbaycan qazı nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər Azərbaycan qazı Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da ölkəmizin qaz ixracı coğrafiyası genişlənəcəkdir. Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair keçirilən tədbirdən bəhs edərkən isə ölkə başçısı bildirdi ki,  bu mühüm tədbir zamanı Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Bu layihə çərçivəsində Azərbaycan ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcək.

Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev perspektiv planlardan da danışdı.  Ölkə başçısı bildirdi ki, 2027-ci ilə qədər ölkəmizin Avropa bazarına qaz təchizatı iki dəfə artırılacaq. Azərbaycanın qaz təchizatı ötən il 8 milyard kubmetr olub, bu il isə 12 milyard kubmetr nəql ediləcək. Bu, ölkəmizin  ümumi ixracının yarısıdır və 2027-ci il üçün bu rəqəm 20 milyarda çatdırılacaq. Enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi sahəsində də ölkəmizin Avropa İttifaqı ilə dialoqu mövcuddur. Bunun nəticəsində Azərbaycan elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcək və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracaq.