YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropanın etibarlı tərəfdaşı

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Azərbaycanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bütün müstəvilərdə nailiyyətlərlə müşayiət olunur. Ölkəmiz dünyada mövqelərini və nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Dünyada və yaxın regionumuzda baş verən proseslər fonunda Avropanın enerji təhlükəsizliyi qlobal çağırışa çevrilib. Belə bir dönəmdə Azərbaycan yenə də dünyanın diqqət mərkəzinə çevrilib.

Məlumdur ki, bugünlər paytaxtımız Bakı şəhəri mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, həmin tədbirlərə bir çox ölkələri təmsil edən şirkətlərin qatılması müstəqil Azərbaycan dövlətinin dünya üçün önəmini bir daha təsdiqlədi.

Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparırlar. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin, regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Cənub Qaz Dəhlizi bu baxımdan nəhəng bir layihədir. Paytaxtımızda  Bakı Enerji Həftəsinin keçirilməsi də bütün bunlara sübutdur.

Mayın 31-də Bakı Enerji Həftəsi  çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı keçirilib. Bu mötəbər tədbririn  açılış mərasimində  Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər, sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir. Dövlətimizin başçısı bildirib ki, biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik: “Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində, lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir. Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır”.

Nəzərə almaq lazımdır ki, ötənilki  Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlər fonunda daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Ötən ilin iyulunda Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladı. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan tranzit ölkə kimi də beynəlxalq birliyin diqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrini təmsil edən aparıcı transmilli nəqliyyat və logistika şirkətlərinin görüşmək, müzakirələr aparmaq üçün Bakını seçmələri, eləcə də region dövlətlərinin ölkəmizlə nəqliyyat məsələlərini intensiv şəkildə müzakirə etmələri və sənədlər imzalamaları heç də təsadüfi deyildir. Son vaxtlar müşahidə edilən geosiyasi gərginliklər regionun nəqliyyat və logistika xəritəsinin yenilənməsi zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Belə bir şəraitdə nəzərlər yenə də əlverişli coğrafi mövqedə yerləşən Azərbaycana yönəlib. İndiki geosiyasi reallıqlar fonunda ölkəmizin tranzit daşımaları üçün cəlbediciliyini artıran amillər isə kifayət qədər çoxdur. Siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı və digər amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Beləliklə, Avropanın yenə də Azərbaycanın dəstəyinə ehtiyacı var. Dövlətimiz isə hər zaman etibarlı tərəfdaş olduğunu təsdiq etməyə hazırdır. Şübhəsiz ki, bu mövqe milli və dövlət maraqlarımıza istinad edir!