YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığımız zəngin tarixə malikdir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri    

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Bu, özünü istər ikitərəfli əlaqələrin inkişafında, istərsə də beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsində göstərir. 2023-cü ilin ötən dövründə qeyd olunan istiqamətlərdə atılan addımların uğurlu nəticələrinə diqqət yetirmək kifayətdir. Son zamanlar qarşılıqlı səfərlərin davamlı xarakter alması diqqətdən kənarda qalmır.

Mayın 30-da İsrail Prezidenti İsxak Hersoq ölkəmizdə səfərdə oldu. Prezidentlərin  təkbətək, eyni zamanda, geniş tərkibdə görüşlərində müzakirə olunan məsələlər  səfərin iki ölkə arasında əlaqələrin gələcək inkişafında əhəmiyyətli rol oynayacağı barədə aydın təsəvvür yaratdı. “Sizi Azərbaycanda qəbul etmək imkanına malik olduğuma görə çox şadam” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Belə bir əminlik də ifadə edildi ki, səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək: “Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.” Dövlət başçısı İlham Əliyevin bu fikirlərinin davamı olaraq İsrail Prezidenti mətbuata bəyanatında qeyd etdi ki, qonaqpərvərliyinizə, dəvətinizə görə təşəkkür edirəm: “Mən bunun qarşılığında Sizi və birinci xanımı İsrailə dövlət səfərinə dəvət etmək istərdim. Bu, əsası mərhum məşhur atanız tərəfindən qoyulmuş və illər ərzində inkişaf etmiş heyrətamiz əlaqələrimizin ifadəsi olar. Prezident Əliyev, dövlətinizi qurub və Siz son bir neçə ildə onu genişləndirərək inkişaf etdirmisiniz.”

Söylənilən hər bir fikir iki ölkə arasında əlaqələrin zəngin tarixə malik olduğunu, həmçinin yaradılan möhkəm təməlin gələcək əmkdaşlığın daha da möhkəmləndirilməsində stimul olacağını təsdiqləyir.

Həm görüşlərdə, həm də mətbuata birgə bəyanatlarda Azərbaycan-İsrail münasibətlərinin iqtisadi, siyasi, müdafiə və digər sahələrdə uğurlu inkişafı geniş təhlil edildi. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri, habelə irriqasiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq, təhsil, səhiyyə, ən nəhayət müasir dövrün əsas çağırışı olan kibertəhlükəsizlik sahəsində əməkdaşlıq iki ölkənin əsas hədəfləridir.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalandı. Bu da dövlətlərarası münasibətlərin gələcək inkişafında mühüm perspektivlər yaradacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndiririk.