YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir

“Azərbaycan Prezidenti İlham Əliyevin Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin növbəti sammitinə dəvət olunması və iştirakı dövlətimizin başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Ümumilikdə, “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. 

Deputat bildirib ki, Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Avropa İttifaqı regionumuzda yeni reallıqların müəllifi kimi Azərbaycanın rolunu qiymətləndirir. Bu baxımdan, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf etməkdədir. Ötən illər ərzində tərəflər qarşılıqlı əlaqələrin inkişafı istiqamətində vacib addımlar atıblar. Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoq mövcuddur. Prezidentimiz İlham Əliyev Prezident Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfələri müsbət qiymətləndirir. Ən önəmli məqam Avropa İttifaqının münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə vermək istəyidir. Bu, o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə öz töhfələrini verməyə hazırdır.

Deputatın sözlərinə görə, bütün bunlar ölkəmizin yeni şəraitdə Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərində önəmli məqamlardır: “Bütövlükdə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivləri nöqteyi-nəzərindən önəmli dividentlər vəd edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü bərpa edib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə gücünü daha da artıran amillərdən biridir. Hesab edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında yeni reallıqlar öz əksini tapır, ölkəmizin Avropa İttifaqı üçün önəmi daha da artır”.

Sevinc Fətəliyeva qeyd edib ki, iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçirilən beştərəfli görüş isə bölgədə sülhün təmin edilməsini müzakirə etmək üçün növbəti bir addım oldu. Beştərəfli qeyri-görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron iştirak ediblər. Verilən məlumatlardan aydın olur ki, beştərəfli qeyri-rəsmi görüş pozitiv müstəvidə keçib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəsilə aparılan bu danışıqlar daha çox koordinasiya xarakteri daşıyır. Bütövlükdə, əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır. Azərbaycan Brüssel formatını dəstəkləyir. Çünki Avropa İttifaqı bölgədə sülhün təmin olunması üçün həqiqətən də böyük fəallıq göstərir.