YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad edilmiş torpaqlarımız sakinlərini qarşılamaqdan qürurludur

Elmar Əhmədov

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri

Azərbaycan tarixi torpaqlarına qovuşaraq bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün sülh müqaviləsinin imzalanması istiqamətində göstərdiyi səyləri ilə xarakterizə edilən  yeni mərhələni uğurla davam etdirir. Böyük Qayıdış proqramına uyğun olaraq bütün işlər sistemli şəkildə həyata keçirilir. Dövlət başçısı İlham Əliyev 28 May-Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bir daha bu məqamlara diqqəti yönəldərək belə bir çağırışı səsləndirdi: “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk.”

Hazırda Azərbaycan azad edilmiş ərazilərdə müasir tələblər səviyyəində bərpa işləri aparır. Şəhər və kəndlər Baş plan əsasında yenidən qurulur. Dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfəri zamanı şəhərin Baş planı təqdim edildi. Bütün işlərin zamanında və yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın hələ 30 illik işğal dövründə Qələbəmizə əminlik əsasında bərpa-quruculuq işləri barədə düşünərək iqtisadi və maliiyə imkanlarını möhkəmləndirdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsində xarici mətbuata 30-dan artıq müsahibəsinin hər birində müharibədən Zəfərlə çıxacağımıza böyük əminlik ifadə edilməklə yanaşı, postmünaqişə dövrünün hədəfləri də açıqlanırdı.

Dövlət başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bir daha Ulu Öndər Heydər Əliyevin bu il 100 illik yubileyinin qeyd edildiyini önə çəkərək Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbycanın müstəqilliyinin  daimiliyinin təmin edildiyini, ölkəmizin bütün sahələrdə davamlı uğurlara imza ataraq  iki il bundan əvvəl  tarixi Zəfəri ilə dünyaya səs saldığını  diqqətə çatdırdı. Bu gün Azərbaycan Zəfəri ilə yeni reallıqlar yaradıb. “İndi isə qurub-yaratmaq vaxtıdır” söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, bugünkü Laçın şəhərinin siması, halbuki birinci mərhələdir, qurub-yaradan xalq olduğumuzu göstərir. Bu torpaq bizimdir: “Bu, həmişə bizim torpaq olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və burada əbədi yaşamaq istəyirdi.”

Xalqımız tarixi torpaqlarına qovuşacağına əmin idi. Azərbaycan dövlətinin qətiyyəti, diplomatik uğurlarının davamlılığı, hərbi gücümüz, xalqımızın birliyi bu əminliyə əsas verirdi. Dövlət başçısı İlham Əliyev həmin görüşdə “Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu” söyləyərək bildirdi ki, sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır ki, uzun əzablı illərdən sonra burada rahat yaşayasınız.