YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalətli şərtlər əsasında

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri    

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi quruculuq işləri çox mühüm iqtisadi əhəmiyyətə malik olmaqla bərabər, eyni zamanda, xalqımızın  və dövlətimizin sarsılmaz siyasi iradəsini dünyaya nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin 28 may tarixində Laçın şəhərinə qayıdan əhali ilə görüşündə qeyd etdiyi kimi, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, istənilən nəticəni əldə etməyə qadirdir.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra yeni reallıqlar yaranıb. Bölgədə dayanıqlı sülhün və əməkdaşlığın tərəfdarı olan və bunu atdığı addımları ilə təsdiqləyən Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etməklə bu istəyi reallığa çevirmək üçün qarşı tərəfdən üzərinə düşən öhdəlikləri yerinə yetirməyi tələb edir. Bölgədə davamlı sülhün təmin edilməsi, kommunikasiyaların açılması əməkdaşlığın coğrafiyasının genişlənməsinə imkanlar yaradacaq. Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışlarında vurğuladığı kimi, bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Müzəffər Ali Baş Komandan Laçın şəhərindən bu mesajı ünvanladı: “Delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar.”

Azərbaycan regionda davamlı sülhün təmin olunmasına yönəlmiş ardıcıl təşəbbüslərlə çıxış edir. Təbii ki, Ermənistan unutmamalıdır ki, Azərbaycan 30 illik işğal dövrünün Azərbaycanı deyil. Bu gün reallıqları diktə edən qalib Azərbaycandır. Sülh müqaviləsinin imzalanması təklif edilərkən bu bəyanat da səsləndirilmişdir ki, uzun müddət masa üzərində qala bilməz. Dövlət başçısı İlham Əliyev laçınlılarla görüşündə bir daha bununla bağlı növbəti mesajını ünvanladı: “İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.”

Azərbaycanın güclü və müstəqil bir dövlət kimi öz qarşısına qoyduğu bütün məqsədlərə ən qısa zamanda nail olur və yeni-yeni hədəflərə doğru inamla addımlayır. Uğurlarımızda ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimiz əsasdır. Ermənistan və havadarları 44 günlük İkinci Qarabağ müharibəsində bir daha bu reallığın şahidi oldular ki, yalanlarla ədaləti və beynəlxalq hüququ üstələmək qeyri-mümkündür. Sonda zəfər çalan tarixi ədalətdir.