YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında söz sahibi olan dövlətdir

Neft-qaz sahəsində həyata keçirilən uğurlu siyasət dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin etdi

Azərbaycan daim malik olduğu təbii resurslara, eyni zamanda, yerləşdiyi coğrafi məkana görə dünyanın diqqətində olub. Bu diqqət ayrı-ayrı dövrlərdə tamamilə fərqli olub. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurmaq istəyən dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra vəziyyət tamamilə dəyişdi. Azərbaycanın qısa müddətdə ölkə daxilində sabitliyi və normal biznes mühitini təmin etməsi  respublikamızla iqtisadi əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlı olan dövlətlərin sayının artmasına şərait yaratdı. Nəticədə Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.

Mayın 31-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, 1994-cü ildən başlayaraq Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının başlanğıc ili idi. “Əsrin müqaviləsi”nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi. Bu saziş ölkəmizdəki vəziyyəti tamamilə dəyişdi, investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın neft-qaz sektorunda imkanları ildən-ilə genişlənir, yeni layihələrin icrası gündəmə gətirilir. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 29 ilə yaxın dövrdə əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycana artan inamın fonunda mühüm layihələrin həyata keçirildiyini görərik. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi dünyaya açılan pəncərə kimi dəyərləndirildi. Artıq bu pəncərənin açılması ilə növbəti layihələr üçün stimul yarandı. Bu gün imkanlarımız nəinki ölkə daxilində, eyni zamanda, regionda və geniş mənada dünyada neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün artıq Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında artan rolundan, Cənub Qaz Dəhlizinin uğurlarından, eyni zamanda, bizimlə əməkdaşlıq edən dövlətlərin coğrafiyasının genişləndirilməsindən bəhs edirik.

Baş redaktor bildirib ki, əvvəlki sərgidən ötən bir il ərzində Azərbaycanın enerji sektorunda qazanılan uğurların xronologiyası çoxşaxəli enerji diplomatiyamızın təqdimatıdır. Ötən ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan enerji tərəfdaşlarını Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşada bir araya gətirdi. Şuşada bərpa olunan enerji sahəsində imzalanan müqavilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının «yaşıl enerji» sektorunun böyük potensiala malik olduğunu təsdiqlədi. Dövlət başçısı İlham Əliyev azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru «yaşıl enerji» zonası elan edib. 2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı və həmin sənədin icrasına artıq başlanılıb. Ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması da Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolun aydın ifadəsini yaradır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Avropaya digər enerji körpüsünü də salmağa başlayıb. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırır. Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisinin ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”nin Avropaya nəqli planlaşdırılır. Dövlət başçısı İlham Əliyev ötən sərgidən keçən dövr ərzində enerji sektorunda qazanılan uğurlar sırasında bu ilin aprelində Sofiyada əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanmasını da qeyd etdi. Bu, “Həmrəylik Halqası” adlandırılan layihədir. Bu, elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək.

Baş redaktor vurğulayıb ki, həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində belə bir əminliyi ifadə etmişdir ki, Bakı Enerji Həftəsi enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaradıb. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışındakı çıxışının sonunda dövlət başçısı qeyd etdi ki, növbəti toplantı gələn il fevral ayında Bakıda keçiriləcək. Artıq yeni iştirakçılarımız, yeni ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca bütün işlər uğurla gedəcək.