YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sonuncu xəbərdarlıq

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və sarsılmaz iradəsi ilə 44 günlük Vətən müharibəsində böyük tarixi Zəfər qazanan Azərbaycan xalqı hal-hazırda öz liderinin rəhbərliyi ilə işğaldan azad edilmiş şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi ən gözəl şəkildə bərpa etməkdədir. Artıq Azərbaycan xalqının “Böyük Qayıdış” ideyası reallaşır. Bu ideyanın reallaşması hər bir vətəndaşımız tərəfindən böyük qürur hissi ilə qarşılanır. Dövlətimiz bərpa-quruculuq işlərinin mükəmməl şəkildə reallaşdırılması üçün bütün imkanlarını səfərbər etmişdir. Bütün bu işlər isə heç şübhəsiz ki, ölkə başçımızın hər an diqqətində olan məsələdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tez-tez işğaldan azad edilmiş rayonlarımıza səfərlər edir və buradan həm dünya ictimaiyyətinə, həm də erməni cəmiyyətinə mühüm mesajlar verir. Belə səfərlər və verilən önəmli mesajlar xalqımız tərəfindən böyük rəğbət və qürur hissi ilə qarşılanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın rayonuna növbəti səfəri 28 may 2023-ci ildə baş tutdu. Ölkə başçımızın Laçın şəhərindən səsləndirdiyi fikirlər Ermənistan üçün növbəti və bəlkə də sonuncu xəbardarlıq xarakteri daşıyırdı. Ermənistan torpaqlarımızın 20 faizini 30 ilə yaxın işğal altında saxlasa da bir həqiqəti anlaya bilmədi ki, müqəddəs hesab olunan Vətən torpağından pay ola bilməz. Azərbaycan xalqı gec-tez öz torpaqlarını yağı düşməndən azad edəcəkdi. Şanlı ordumuz 44 günlük Vətən müharibəsində bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Həm Ermənistan, həm də onlara havadarlıq edən qüvvələr başa düşməlidirlər ki, Qarabağ bölgəsi Azərbaycanın əzəli və əbədi torpaqlarıdır. Bu həqiqəti beynəlxalq hüquq da təsdiq edir. Dövlət başçımız çıxışında aydın şəkildə bildirdi ki, “Miatsum” kitabı, separatizmin kitabı bağlanıb. Yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal, normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Verilən bu mesajlar kifayət qədər aydın və səlisdir. Qalır Ermənistanın bu mesajlardan lazımi nəticələr çıxarması. Ölkə başçımız bir vacib məqamı da çox yerində vurğuladı ki, son vaxtlar beynəlxalq təşkilatlar da faktiki olaraq Azərbaycanın mövqeyi ilə tamamilə razılaşırlar.

Lakin təəssüflər olsun ki, Ermənistan bütün baş verənlərdən nəticə çıxarana oxşamır. Belə ki, bir müddət bundan əvvəl Azərbaycanın iki hərbi qulluqçusu çətin hava şəraiti səbəbindən yolu azaraq Ermənistan ərazisinə keçib. İkinci Qarabağ müharibəsi başa çatandan sonra belə bir razılığa gəlindi ki, əgər kimsə yolu azsa və təsadüfən əks tərəfə keçsə maksimum iki günə o adamlar qaytarılmalıdır. Azərbaycan tərəfi bu razılaşmaya əməl edir. Ermənilər isə yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar və hələ bütün bunlar azmış kimi döyülmə anlarını videoya da çəkiblər. Baş verənlər bir daha göstərir ki, Ermənistan bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bundan başqa dövlət başçımız çıxışının sonunda əlavə etdi ki, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, cənab İlham Əliyevin və Azərbaycan xalqının qəti və sarsılmaz mövqeyidir.