YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlaq siyasi qələbənin nümayişi

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Ölkə Prezidenti İlham Əliyev bütün Azərbaycan xalqı üçün əlamətdar olan bir tarixdə, 28 May – Müstəqillik Günündə Laçın şəhərində öz doğma yurdlarına qayıdan əhali ilə görüşdü və onlara 30 il səbirsizliklə gözlədikləri, həyatlarının ən böyük hədiyyələrini – azad edilmiş Laçında yeni inşa olunmuş evlərinin açarlarını təqdim etdi. Bununla da dövlətimizin başçısı 2011-ci il dekabrın 24-də Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçın rayonundan olan məcburi köçkünlərlə görüşü zamanı onlara verdiyi vədinə əməl etdi. Öz çıxışında cənab Prezident xatırlatdı ki, o vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. Həmin tarixi görüşdə dövlətimizin başçısı demişdi ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və həmin gün artıq gəlib. Bu gün Prezident İlham Əliyev Laçın şəhərindən olan keçmiş köçkünlərlə, onların ailələri ilə artıq Laçın şəhərində görüşür və bu, həqiqətən böyük xoşbəxtlikdir. İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Prezident İlham Əliyevin dediyi kimi, bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar bu Zəfər qüruru ilə yaşayacaqlar. Cəmi 7-8 ay ərzində böyük hissəsi tamamilə yenidən qurulmuş Laçın şəhərinin yeni siması müstəqilliyimizin əbədi, dövlətimizin isə nə qədər güclü olmasını bir daha göstərir. Burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir.

Qeyd etmək lazımdır ki, birbaşa hərbi əməliyyatlar yolu ilə azad edilmiş digər rayonlardan fərqli olaraq, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm də parlaq siyasi qələbəsinin bir nümayişi oldu. Öz çıxışında Prezident İlham Əliyev bu məqamı xüsusi vurğuladı və bir daha xatırlatdı ki, II Qarabağ müharibəsi başa çatanda Laçın, Kəlbəcər və Ağdamın böyük hissəsi hələ də işğal altında idi. Hələ müharibənin getdiyi vaxt Ali Baş Komandan dəfələrlə bəyan etmişdi ki, yalnız Ermənistan rəhbərliyi bizim torpaqlarımızdan öz qoşunlarını nə zaman çıxaracaqlarına dair dəqiq tarix göstərdikdən sonra Azərbaycan hərbi əməliyyatları dayandıra bilər. Şuşa işğaldan azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atdı. 2020-ci ilin dekabr ayının 1-də Laçın rayonunu öz yurisdiksiyasına qaytarmaqla, Azərbaycan keçmiş Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Həmin vaxt xalqa müraciətlə çıxış edən Prezident İlham Əliyev demişdir: “Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytarılması üçün gərəkli addımlar atılacaq.” Bu gün isə atılan bu addımların effektivliyini artıq bütün dünya görür.

Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və buna görə Laçın şəhəri müvəqqəti olaraq hələ də işğal altında idi. Lakin noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində Prezident İlham Əliyev yeni yolun çəkilişindən sonra Laçın şəhərinin Azərbaycana qaytarılacağına dair razılaşmaya nail oldu. Cəmi ilyarıma Azərbaycan həmin yolu inşa etdi. 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürüldü, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi.

Ölkə Prezidenti İlham Əliyev öz çıxışında açıq mətnlə bildirdi ki, Vətən müharibəsi başa çatdıqdan sonra gedən proseslər həm Ermənistan üçün, həm də Qarabağ bölgəsində yaşayan ermənilər üçün bir dərs olmalıdır. Cari ilin 23 aprel tarixində Azərbaycanın Ermənistanla sərhəddə qoyduğu sərhəd-buraxılış məntəqəsi isə, separatçıların hansısa xarici qüvvələrin gəlib Azərbaycanla müharibə aparacağına  dair xülyalarını artıq birdəfəlik puç etdi. Dövlət başçımızın dediyi kimi, əgər müharibə dövründə heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün, artıq bütün ərazilərimizə yenidən sahib olandan sonra ümumiyyətlə bunu kimsə edə bilməz. Buna görə də bu gün artıq nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir statusdan heç kim danışmır. Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Bu gün hətta Ermənistan hökuməti özü də Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın da bu ərazinin ayrılmaz tərkib hissəsi olduğunu bəyan edir. Bununla da “Miatsum” xülyası bu gün artıq birdəfəlik tarixin zibilliyinə atılmış oldu. Azərbaycan dövləti müharibədən sonra keçən iki il yarım ərzində qarşıya qoyduğu bütün məqsədlərinə planlı şəkildə nail olub və bu gün artıq həmin planların tam başa çatmasına çox az qalıb. Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi Azərbaycanın daxili məsələsi olduğu üçün, dövlətimiz bu mövzunu heç bir xarici ölkə ilə müzakirə etmək fikrində deyil. Əlbəttə ki, Azərbaycan bunu istənilən digər bir ölkədə olduğundan daha güvənli şəkildə təmin etməyə hazırdır. Lakin bunun üçün həmin insanlar da müvafiq addımlar atmalı – Azərbaycan vətəndaşlığını qəbul etməli, ölkənin qanunlarına tabe olmalı, loyallıq nümayiş etdirməlidirlər. Məhz bu halda Qarabağda yaşayan ermənilər də ölkəmizin bütün digər vətəndaşları kimi, eyni hüquq və imtiyazlardan yararlana biləcəklər və onların təhlükəsizliyi dövlətimiz tərəfindən təmin olunacaq.