YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin və xalqın təhlükəsizliyinin qarantı

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın rayonuna səfər edib. Dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlqoyma mərasimlərində iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub. Prezident İlham Əliyev həmçinin 110/35/10 kv-luq “Laçın şəhər” yarımstansiyasının açılışında iştirak edib, Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını edib.

Səfər zamanı ölkə başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Görüşdə Prezident İlham Əliyev çıxış edərək laçınlıları və Azərbaycan xalqını 28 may Müstəqillik Günü və laçınlıların doğma şəhərinə qayıtmaqları münasibət ilə təbrik edib: “Bu gün Müstəqillik Günüdür. Əziz laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.”

Görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin toxunduğu digər məsələ ordu quruculuğu olub. Prezident İlham Əliyev qeyd edib ki, biz güclü ordu qurmuşuq: “Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır.”

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır. Azərbaycan Ordusu dövlətin və xalqın təhlükəsizliyinin qarantı rolunda çıxış edir.

Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.