YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

“Azərbaycanın xarici siyasətində İsrail dövləti ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımız həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Biz ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. Bu gün qarşılıqlı münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İsrailin Prezidenti İsxak Hersoqun mayın 30-da ölkəmizə səfəri də münasibətlərimizin yüksək səviyyədə olmasını bir daha təsdiqləyir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, ölkəmiz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət verir. Ötən dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. İsrail Prezidentinin ölkəmizə səfəri zamanı dövlət başçılarının görüşü zamanı ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparılıb. Mətbuata birgə bəyanatlar zamanı Prezident İlham Əliyev ölkələrimizin arasında çox fəal siaysi dialoqun olduğunu vurğulayaraq deyib: “Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan tarixən müxtəlif millətlərin və fərqli dinlərin daşıyıcılarının dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın hökm sürdüyü ölkədir. Azərbaycanda hər zaman hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. İstər Birinci Qarabağ müharibəsində, istərsə də sonrakı dövrlərdə ölkəmizdə yaşayan xalqların nümayəndələri Vətən uğrunda canlarından keçiblər. Azərbaycanın Milli Qəhrəmanı, milliyyətcə yəhudi olan Albert Aqarunovun xatirəsi bu gün hamı üçün çox əzizdir. Onun xatirəsi ölkəmizdə əbədiləşdirilib. 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən yəhudilər dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşdilər, torpaqlarımızın erməni işğalından azadlığı uğrunda ortaya qoyulan dəmir iradəni qətiyyətlə dəstəklədilər. Dövlətimizin başçısı bu barədə bildirib: “Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir. Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə, 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər”.

Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində İsrail dövləti də Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində də yaxşı əlaqələr mövcuddur.

İsrail Prezidenti İsxak Hersoq da bəyanatında əlaqələrimizin dərin köklərinin olduğunu deyərək qeyd edib: “Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır. Sirr deyil ki, ölkəniz əhalisinin əksəriyyəti şiələr olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir”.

Beləliklə, bu səfər Azərbaycan-İsrail münasibətlərinin inkişafına böyük töhfələr verəcək. Hər iki dövlət dost xalqlarımızın mənafelərinə uyğun olaraq əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərini bundan sonra da uğurla davam etdirəcək.