YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Mayın 25-də Moskvada keçirilən Ali  Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edən Prezident İlham Əliyev çıxışında bir daha diqqəti Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzit imkanlarına və həyata keçirilən layihələrin uğurlu icrasına yönəltdi. Azərbaycan həm enerji, həm də nəqliyyat layihələrinin icrasını uğurla həyata keçirməklə bu körpünün daha da möhkəmlənməsinə yeni əlavələr edir.

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi nəticəsində reallığa çevirdiyi layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu daha da artırır, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Prezident İlham Əliyev bildirdi ki, “ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bildirməyə şadam ki, Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır.”

Artıq bu gün Azərbaycan bölgədə neft-qaz, enerji ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir. Azərbaycanın gündən-günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır.

Azərbaycan müasir beynəlxalq münasibətlər  sisteminin fəal aktoru kimi Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həmdə ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.