YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu əməkdaşlıq modeli

Rəşad Mahmudov,

Milli Məclisin deputatı, tibb elmləri doktoru

Azərbaycanın sülhpərvər və iqtisadi əlaqələrin inkişafına yönəlmiş xarici siyasət kursunun əsasını bu prinsiplərə zidd olmayan bütün dövlətlər, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mükəmməl diplomatik gedişlər, geopolitik siyasət ölkəmizin regionda xoşniyyətli bütün dövlətlərlə ən yüksək dostluq münasibətlərinin qurulmasını təmin edib. Uzun illər boyu torpaqlarımızın işğal altında olduğu dövrdə Azərbaycanın haqlı mövqeyini müdafiə edən, Zəfər savaşı və ondan sonrakı dönəmdə ölkəmizin yanında olan dövlətlər bu baxımdan, şübhəsiz ki, ön sırada yer alır.  Xüsusi vurğulamaq lazımdır ki, dövlət müstəqilliyimizin elan olunmasından bugünədək qarşılıqlı münasibətlərdə heç bir problem olmayan, əksinə, hər zaman yüksələn xətt üzrə inkişaf edən ölkələrdən biri də İsrail Dövlətidir. İkinci dəfə tarixi müstəqilliyini qazanmış Azərbaycan İsrail Dövləti ilə 1992-ci ildən etibarən sıx əməkdaşlıq edir. Ümumiyyətlə, Azərbaycan- İsrail münasibətləri iqtisadi, siyasi və geosiyasi anlamda əməkdaşlığın ən uğurlu modelidir. Bu uğurlu dövlətlərarası münasibətlərin fövqündə həm də xalqlararası tarixi köklərə söykənən əlaqələr dayanır. Tolerantlığın, multikultural dəyərlərin mərkəzi kimi qəbul edilən Azərbaycanda digər xalqlar kimi yəhudilərin də rahatlığı, təhlükəsizliyi və  mədəni müxtəlifliyinin qorunması dövlət siyasətimizin təməl prinsiplərindən biridir. Əlbəttə, bu amil ölkəmizdə yaşayan digər xalqlar kimi, yəhudilər tərəfindən də məmnunluq doğurur. Şübhəsiz, iki ölkə arasında mövcud müsbət əlaqələrin mərkəzində məhz bu faktor əsas rol oynayır. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərin inkişafındakı rolu böyükdür. Bu baxımdan İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri iki dövlət arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı  sayıla bilər. 

Onu da qeyd edək ki, İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri daha yüksək səviyyəyə qaldırmaqla yanaşı, eyni zamanda, qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Siyasi münasibətlərdə olduğu kimi, Azərbaycan- İsrail iqtisadi əməkdaşlığı da yüksək səviyyədədir. Belə ki, iqtisadi münasibətlər çərçivəsində kənd təsərrüfatı və digər mühum sahələrlə yanaşı, Azərbaycan İsraillə xam neftin etibarlı təchizatçısı kimi enerji sahəsində də sıx əməkdaşlığı davam etdirir. 

Bundan əlavə, Azərbaycan kibertəhlükəsizlik təhdidlərini, o cümlədən oxşar tendensiyaları aradan qaldırmaq məqsədi ilə son zamanlar  İsraillə bu sahə üzrə də yaxından əməkdaşlıq edir.

Xüsusilə qeyd etmək lazımdır ki, müdafiə sənayesi və hərbi texnologiyalar sahəsində də Azərbaycanın uzun illərdir dost İsrail Dövləti  ilə yüksək əlaqələri mövcuddur. Bu da təhlükəsizliyimizin təmin olunmasında əsas şərtlərdən biri sayılır.

Səfər çərçivəsində Prezident İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planının  imzalaması da ölkələrimiz üçün olduqca faydalı olacaq. İmzalanan bu sənədə hər iki ölkənin səhiyyəsi üçün strateji yol xəritəsidir və müasir tibbin tətbiqi, inkişafı üçün geniş imkanlar açacaq.

Bir sözlə, dost ölkə başçısının səfəri mövcud geosiyasi münasibətlər sistemində örnək ola biləcək İsrail-Azərbaycan əməkdaşlığının çoxtərəfli və səmimi inkişafına yeni zəmin yaratmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin keçirilən görüşlərdə və açıqlamalarında ifadə etdiyi qəti mövqe onu göstərdi ki, hər iki dövlət arasında xalqların tarixi əlaqələri əsasında formalaşmış müttəfiqlik və dostluq münasibətləri heç bir qüvvə tərəfindən pozula bilməz.