YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lazımi mesajlar verildi

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Bu il 28 May Müstəqillik Günü ölkəmizdə daha da əlamətdar, yaddaqalan, ikiqat bayram kimi qeyd olundu. Mayın 28-də Laçın rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində bir qrup sakinlə görüşdü. Görüş zamanı çıxışı edən Prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxundu və lazımi mesajlar verdi. Mənfur düşmənlərimizin 30 il ərzində şəhər və kəndlərimizi dağıtdığını, viran qoyduğunu diqqətə çatıran Prezident İlham Əliyev cəmi iki il yarım ərzində keçmiş köçkünlərin öz doğma yurdlarına qaytarıldığını diqqətə çatdırdı. Yəni Ermənistanın 30 il ərzində dağıdaraq viran qoyduğu, cəhənnəmə çevirdiyi torpaqlarımızı Azərbaycan cəmisi 2 il yarıma bərpa edərək cənnətə çevirdi. Bu fakt bir daha Ermənistanin vandalizm siyasətini ifşa etməklə yanaşı Azərbaycan dövlətinin qüdrətini göstərmiş oldu. Ali Baş Komandanımız Müzəffər Azərbaycan Ordusunun 44 gün ərzində düşməni darmadağın etdiyini, onları diz çökdürdüyünü və torpaqlarımızdan qovduğunu bildirərək Azərbaycanın güclü orduya malik olduğunu qeyd etdi. Bəli, Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsində 21-ci əsrin müharibəsini apararaq, öz gücünü, qüdrətini və humanistliyini dünyaya nümayiş etdirdi. Ordumuz tərəfindən İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixinə yenilik olaraq həkk oldu və dünyanın bir çox aparıcı ali hərbi məktəblərinin dərsliklərinə salındı.

Dövlətimizin başçısı gənclər siyasəti haqqında danışaraq ölkəmizdə gözəl, vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəsil yetişdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev tərəfindən gənclərlə bağlı həyata keçirilən uğurlu siyasət nəticəsində heç zaman Qarabağı görməyən Azərbaycan gəncliyi Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı işğaldan azad etdi.

Azərbaycan Prezidenti çıxışında Ermənistanın revanşist və separatizm siyasəti haqqında danışaraq lazımi mesajlar da verdi. “Separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi”- deyən, cənab İlham Əliyev bununla da bir daha bəyan etdi ki, Dəmir Yumruq hər zaman yerindədir və baş qaldıran istənilən qüvvənin başını əzəcək.