YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın regionda yaratdığı reallıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Prezident İlham Əliyev mayın 25-də Moskvaya işgüzar səfəri çərçivəsində qonaq qismində qatıldığı Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycanın iqtisadi müstəqilliyini rəqəmlər əsasında diqqətə çatdıraraq onu da əlavə etdi ki, bu, xarici siyasət kursunun uğurla həyata keçirilməsində əsasdır. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır.

Tarixi Zəfərimizdən sonra Azərbaycanın sözünün imzası qədər əhəmiyyətinin  artdığı göz önündədir. Yeni reallıqlar həm bölgədə, həm də dünya siyasətində yeniliklər yaradıb. Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsini təklif etdi. Dövlət başçısı İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası çərçivəsində aparılan müzakirələrdə bu məsələyə də xüsusi diqqət yönəldərək bildirdi ki, Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var.

Hər zaman olduğu kimi, bu toplantıda da cənab İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyana diplomatiya dərsi keçdi. Ermənistan baş nazirinin yalnış düşüncələrinə cavab olaraq dövlət başçısı İlham Əliyev bildirdi ki, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır: “Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər.”

Azərbaycanın Ermənistana sülh müqaviləsini təklif etdiyi vaxtdan iki ildən çox keçməsinə baxmayaraq qarşı tərəfin hələ də konkret addım atmaq barədə düşünmədiyi diqqətdən kənarda qalmır. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Ermənistan artıq sülh müqaviləsinin qısa zamanda imzalanmasını reallaşdırmalıdır. Ermənistan baş naziri Nikol Paşinyan bu reallığın şahididir ki, artıq yalanları ilə həqiqətləri ört-basdır etmək imkanında deyil. Hər zaman ədalətə və beynəlxalq hüquqa əsaslanan Azərbaycan hər addımında bu prinsiplərin vacibliyini önə çəkir.

Moskva səfəri çərçivəsində Rusiya və Azərbaycan Prezidentlərinin, Ermənistan baş nazirinin görüşü ölkəmizin diplomatik uğurlarının davamı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev bu görüşdə bir daha ölkəmizin qətiyyətli və prinsipial mövqeyini nümayiş etdirdi.  Moskva görüşü sübut etdi ki, Azərbaycanın regionda yaratdığı reallıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur.