YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə Müstəqillik Günü qeyd olunub

İmişli Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı tərəfindən İmişli rayon Heydər Əliyev Mərkəzində 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Tədbiri giriş sözü ilə açan İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. 105 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev söyləyib ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və istiqlaliyyəti uğrunda daim mübarizə aparıb, Azərbaycan tarixinin əhəmiyyətli və yadda qalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan edib. Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib.

Digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğu, iqtisadiyyatın, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb və həmin dövrdə atılan addımların Azərbaycan xalqının milli özünüdərkinə mühüm töhfələr verdiyini qeyd ediblər.