YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Avropa İttifaqı üçün önəmi daha da artır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu diqqətdən kənarda qalmır. Bunu qarşılıqlı səfərlər, eyni zamanda, münasibətlərin inkişafında möhkəm hüquqi baza rolunu oynayan sənədlərin say tərkibində artım da təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Litva Respublikasına rəsmi səfəri də bu baxımdan xüsusi diqqət çəkdi.  Son bir ildə həyata keçirilmiş yüksək səviyyəli təmaslar - 2022-ci il mayın 17-19-da Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri, 2023-cü il yanvarın 18-də Davosda keçirilmiş görüş və dövlət başçısı İlham Əliyevin 21-22 tarixlərində Litvaya rəsmi səfəri iki ölkə arasında gücləndirilmiş siyasi dialoqun mühüm göstəriciləridir.

Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan ilə Avropa İttifaqı, həmçinin üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir. Azərbaycanın Avropa İttifaqı üçün önəminin daha bir nümunəsi qurumun 9 üzv ölkəsi ilə artıq strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamasıdır. Bu, üzv dövlətlərin üçdəbiri deməkdir.

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə məqsədilə reallığa çevirdiyi enerji layihələri dünyanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişir. Bu reallıq cənab İlham Əliyevin Litva səfəri zamanı keçirdiyi görüşlərdə, biznes forumda, həmçinin Prezidentlərin mətbuata birgə bəyanatlarında da öz əksini tapdı. Qeyd edək ki, ötən il Litva Prezidentinin ölkəmizə səfəri zamanı birinci biznes forum keçirilmişdir. Litva Prezidenti bu əminliyi ifadə etdi ki, bu platformada iqtisadi sahədə yeni imkanlar yaranacaq.

Qarşılıqlı maraqlar üzərində qurulan ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Atılan hər bir addım bu əməkdaşlığa yeni əlavələr gətirir.  Əməkdaşlığın dərinləşməsi üçün güclü potensial var. Yaxın illərdə ticarət dövriyyəsinin bir neçə dəfə artması proqnozlaşdırılır. Xüsusilə də, enerji sahəsində yeni əməkdaşlığın formalaşacağını gözləmək olar.

“Bu gün biz ikitərəfli əlaqələrimizin sağlam vəziyyətinə arxalana bilərik. Azərbaycan Litvanın mühüm tərəfdaşıdır və biz qarşılıqlı faydalı imkanların axtarılmasında maraqlıyıq” söyləyən Litva Prezidenti bildirdi ki, biz Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi görürük. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir. Biz bu qədər məsələləri müzakirə edə bilərik. Keçmişdə Litva özünü yeni şəraitə asanlıqla adaptasiya olmaq və ondan öz xeyrinə istifadə etmək bacarığını sübuta yetirib. Biz güclü sənaye ənənəsinə və intellektual işçi qüvvəsinə arxalanırıq. Bizim rəqəmsal infrastrukturumuz sürətli və əlçatandır, bütün Avropa İttifaqında ən yaxşılarından biridir.  

Müzakirələr əsasında bu çağırış da səsləndirildi ki, ölkələrimiz təkcə iqtisadi cəhətdən yox, eyni zamanda, elm, təhsil və mədəniyyət sahələrində də bir-biri ilə əlaqələr qurmalıdırlar. Yol genişdir və qarşımızdadır.