YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətini dəyərləndirə bilmir

Prezident İlham Əliyevin mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının toplantısına qonaq qismində dəvət edilməsi dövlətimizin başçısının yüksək nüfuzunun göstəricisidir. Tədbirdə Prezident İlham Əliyev dərin məzmunlu çıxış edərək ölkəmizin iqtisadi imkanları və təşkilata üzv ölkələrlə fəal əlaqələri haqqında ətraflı məlumat verdi.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Azərbaycan Avrasiya İqtisadi Birliyində təmsil olunmasa da, təşkilatın üzv dövlətləri ilə çox yaxşı əlaqələri mövcuddur. Ermənistan istisna olmaqla, üzv ölkələrlə geniş iqtisadi münasibətlər var. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub.

Deputatın sözlərinə görə, dövlətimizin başçısı çıxışında Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin coğrafi kəsişməsində yerləşməsinin əhəmiyyətini vurğulayıb. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Prezident İlham Əliyev, həmçinin ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyünü xatırladıb. Lakin Ermənistanın baş naziri əsassız olaraq “Zəngəzur dəhlizi” ifadəsini ərazi iddiası kimi qiymətləndirib. Dövlətimizin başçısı isə bu iddianın absurd olduğunu tutarlı arqumentlərlə əsaslandırıb.

S.Fətəliyeva qeyd edib ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin üçtərəfli Zirvə görüşündə də əsas müzakirə mövzularından biri kommunikasiyaların blokdan çıxarılması olub. Məlumdur ki, bölgəmizin əksər dövlətləri, o cümlədən Rusiya burada yeni nəqliyyat marşrutlarının açılmasına maraq göstərir və buna çalışır. Məlum geosiyasi səbəblərdən Rusiya üçün Cənubi Qafqaz nəqliyyat marşrutları sistemi xüsusi önəm daşıyır.

“Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqə imkanları yaradır. Bu, Türkiyə ilə coğrafi əlaqələrin daha da yaxşılaşması baxımından da çox önəmlidir. Nəzərə almaq lazımdır ki, bu, Rusiya üçün dəmir yolu kommunikasiyaları sistemi vasitəsilə Türkiyəyə, onun Aralıq dənizi limanlarına və müvafiq olaraq regionun qonşu ölkələrinə birbaşa çıxışı təmin edə biləcək əlavə marşrut olacaq. Bu səbəblərdən hər iki tərəfin maraqlarının üst-üstə düşməsi Zəngəzur dəhlizinin reallaşması çərçivəsində işlərin daha da fəallaşacağını deməyə əsas verir. Əlbəttə ki, bu layihə Ermənistan üçün də iqtisadi dividendlər vəd edir. Lakin rəsmi İrəvan Zəngəzur dəhlizinin özü üçün nə qədər əhəmiyyətli olduğunu anlamır. Bu səbəbdən də ermənilər bu mövzuda əsassız və qeyri-ciddi bəyanatlar verirlər. Lakin bir məqamı da nəzərə almaq lazımdır ki, indiyədək Ermənistan beynəlxalq və regional layihələrdən kənarda qalıb. Ona görə də, beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətini dəyərləndirmək imkanında deyil”, - deyə deputat vurğulayıb.