YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Azərbaycan xalqına sədaqətlə xidmət edib

Xəzər rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 25-də YAP Xəzər rayon təşkilatı tədbir keçirib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qəlbi daim Azərbaycan ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O, həmçinin vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası regionun ən böyük, mütəşəkkil siyasi təşkilatlarından biridir. 

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu, zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edib. Qeyd edib ki, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev Azərbaycanı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev söyləyib ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib. Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.  

YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ümummilli Liderin dini tolerantlıq məsələlərinə daim xüsusi diqqət göstərdiyini vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra dövlət-din münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib.

Partiya veteranı İsgəndər MustafayevYAP Xəzər rayon təşkilatının məsul əməkdaşı Nəzrin Bayramovanın çıxışlarında vurğulanıb ki, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. Azərbaycan gənclərinin bir fərd, əsl vətəndaş kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.

Tədbir bədii hissə ilə başa çatıb.