YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq potensialı kifayət qədər böyükdür

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan və Litva uzun illərdir ki, strateji tərfdaş ölkələrdir. Ölkələrimiz arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Litvaya etdiyi rəsmi səfər çox mühüm əhəmiyyətə malikdir. Yüksək səviyyədə olan Azərbaycan-Litva əməkdaşlığının  gələcədə daha da genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Səfərin nəticəsi olaraq gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək.

Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətlərinə diqqət çəkdi. İşğalın acı fəsadlarını xatırladan ölkə başçısı bildirdi ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş, ərazilərimizin təxminən 20 faizi işğal olunmuşdu. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılmışdır. Prezident İlham Əliyev onu da vurğuladı ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir.

Prezident İlham Əliyev ölkələrimiz arasında perspektivli əməkdaşlıq istiqamətlərindən bəhs edərkən bildirdi ki, ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Məlum olduğu kimi, Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır. Bundan əlavə, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.

Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkəmizin nəqliyyat-kommunikasiya imkanlarına da xüsusi diqqət çəkdi. Dünyada hökm sürən yeni geosiyasi reallıq fonunda Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Ölkə başçısı diqqətə çatdırdı ki,  Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları bəllidir. Azərbaycan və Litva birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacaq.

Ümumiyyətlə ölkələrimiz iqtisadi sahədə çox yüksək əlaqələrə malikdir. Artıq ənənəvi hal almış Azərbaycan-Litva biznes forumu buna əyani sübutdur. Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı da Prezident İlham Əliyev ölkəmizin iqtisadi potensialından və Litva ilə bu sahədə yüksək əlaqələrdən bəhs etdi. Həmçinin bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir. Azərbaycan və Litva arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Bərpaolunan enerji sahəsinə yatırımlar baxımından hər iki ölkə xüsusilə fərqlənir. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur. Bundan əlavə, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir. Hazırda Azərbaycan Avropanın etibarlı təchizatçısı kimi neft, təbii qaz və elektrik enerjisi ixrac edir. Bir sözlə, Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib.