YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi dialoq dərinləşdirilir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Mayın 22-də Prezident İlham Əliyevin Litvaya səfəri ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq çərçivəsində qarşıdakı illərdə çoxşaxəli istiqamətdə inkişafını daha da sürətləndirəcək. Azərbaycan və Litva arasında intensiv siyasi dialoqun mövcudluğu məhsuldar əməkdaşlığın həyata keçirilməsində və qarşıya qoyulan hədəflərə çatmaqda xüsusi rol oynayır.

İqtisadiyyat və ticarət sahəsində əlaqələrin siyasi dialoq səviyyəsinə uyğun şəkildə inkişafı Azərbaycan və Litvanın ortaq hədəflərindəndir. Həm ötən ilin may ayında Bakıda Litva-Azərbaycan biznes forumu, həm də cari ilin may ayının 22-də Vilnüs şəhərində Azərbaycan-Litva biznes forumunun keçirilməsi hər iki ölkənin biznes subyektləri tərəfindən ticarət dövriyyəsinin artırılmasına böyük maraq olduğunu göstərir. Azərbaycan-Litva biznes forumunda çıxış edən Prezident İlham Əliyev bu dinamikanı yüksək qiymətləndirərək qeyd etdi: “Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir”.

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər prizmasından Litva ilə ikitərəfli əməkdaşlıq Azərbaycanın Avropa bazarlarına təbii qazın nəql edilməsi miqyasını daha da genişləndirmək perspektivləri açır. Qeyd etmək lazımdır ki, bərpaolunan enerji imkanlarının yaradılması və inkişaf etdirilməsi hər iki ölkənin prioritet saydığı sahələrdən biridir.

Nəqliyyat-kommunikasiya sahəsində müasir infrastruktura malik Azərbaycanın Avropa və Asiya regionları arasında daha da artan birləşdirici körpü rolu Litva ilə əlaqələrin bu istiqamətdə inkişafına zərurət yaradır. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq nəqliyyat-kommunikasiya sahəsində təmasları daha da intensivləşdirəcək.