YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Gəncə şəhər və Hacıqabul rayon təşkilatlarına yeni təyin olunmuş sədrlər ictimaiyyətə təqdim edilib

Mayın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər və Hacıqabul rayon təşkilatlarına yeni təyin olunmuş sədrlər ictimaiyyətə təqdim edilib.

Gəncə şəhərində keçirilən tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin şəhərin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatı Müşfiq Cəfərov, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yoluna nəzər salıb. N.Bayramov bildirib ki, Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi Yeni Azərbaycan Partiyası qüdrətli Azərbaycan naminə tarixi missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəflə yerinə yetirir.

YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev Azərbaycanın tərəqqisinə layiqli töhfələr verən Yeni Azərbaycan Partiyasının qazandığı nailiyyətlərdən ətraflı bəhs edib. Əhliman Tağıyev qeyd edib ki, Heydər Əliyev ideyaları əsasında öz fəaliyyətini uğurla davam etdirən YAP ölkəmizin və regionun ən böyük siyasi partiyası kimi aparıcı rola malikdir. O bildirib ki, partiyanın yeni Proqramı müasir dövrün çağırışlarını nəzərə almaqla özündə mütərəqqi dəyərləri, prinsipləri, hədəfləri və vəzifələri ehtiva edir.

Sonra partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov şəhər ictimaiyyətinə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib, öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağını bildirib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatı Müşfiq Cəfərov, AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyev, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizə möhtəşəm uğurlar qazandırdığını diqqətə çatdırıblar. Onlar YAP Gəncə şəhər təşkilatının sədrini təbrik edərək məsuliyyətli və şərəfli işində uğurlar arzulayıblar.

Hacıqabulda keçirilən təqdimat mərasimindən əvvəl tədbir iştirakçıları Ümummilli Liderin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi sisteminə mühüm yeniliklər gətirmiş və bir çox uğurlara imza atmışdır. O, YAP-ın Azərbaycan xalqının böyük inam və etimadını qazandığını, ümumxalq və qələbələr partiyasına çevrildiyini söyləyib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, müstəqillik dövrünün ən möhtəşəm hadisələri və tarixi nailiyyətlərimiz Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin adı ilə bağlıdır. Millət vəkili vurğulayıb ki, YAP Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçib, tarixi uğurlara imza atıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov partiyanın VII qurultayından ötən müddət ərzində həyata keçirilən işlərin əhəmiyyətindən bəhs edib.

Sonra partiyanın Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək təşəkkürünü bildirib, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını vurğulayıb.

Daha sonra çıxış edən Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov Yeni Azərbaycan Partiyasının tarixi nailiyyətlərimizdə xüsusi imzasının olduğunu deyib.