YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Zəfərimizin rəmzidir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyev Azərbaycan xalqına Şuşadan müaricət etdi. Təbii ki, bu çox böyük rəmzi məna daşıyırdı. Çünki Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Xalqız da öz haqq savaşı ilə Ulu Öndərin arzusunu çin etdi. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyev müraciətində qeyd etdi ki, Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır. Bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Hal-hazırda Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir.

Prezident İlham Əliyev müraciətində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edərkən bildirdi ki, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək ölkəmizin ümumi inkişafını təmin edirlər. Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu. 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ulu Öndər çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir.

Ölkə başçısı onu da xatırlatdı ki, Sovet İttifaqının repressiv maşını Heydər Əliyevə qarşı geniş hücuma keçmişdi və onun Moskvada qalması artıq mümkün deyildi. 1990-cı ilin iyul ayında Ulu Öndər Moskvadan Bakıya gəlmiş, ancaq ovaxtkı Azərbaycan rəhbərliyi onu da ona çox görmüşdür. Bu səbəbdən də Ulu Öndər Naxçıvana getmiş və orada yaşamağa başlamışdır. Ulu Öndər Heydər Əliyev Naxçıvanı işğaldan qorudu. Naxçıvanda ağır günlər davam edirdi, Naxçıvan tam blokadada idi. Naxçıvanın, ümumiyyətlə, gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ulu Öndər Naxçıvanı qorudu və inkişaf etdirdi. Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz Heydər Əliyevi özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı. Azərbaycanda hakimiyyətdə olan qüvvələr hər vəchlə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan blokadada boğulurdu, xain qüvvələr isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir. Müstəqilliyə gedən yol məhz Naxçıvandan başlamışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır.

Azərbaycanın müasir siyasi sistemi də məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir.

Prezident İlham Əliyev ona da diqqət çəkdi ki, doxsanıncı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır. Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satırdı. Ağır dövrdə ovaxtkı hakimiyyət qardaş qanını axıtdı, vətəndaş müharibəsinə start verdi, təki hakimiyyətdə qalsın və öz talançılıq fəaliyyətini davam etdirsin. Xalq isə ayağa qalxdı. O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev demək olar ki, gənc, müstəqil Azərbaycan dövlətinin, sözün əsl mənasında, xilaskarına çevrilmişdi. Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Dərhal ciddi islahatlara başlanıldı. Bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etmişlər.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyev müraciətində qeyd etdi ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır. Elə kadrlar yetişdi ki, bu gün istənilən sahədə işləyə bilərlər. Bu da ölkəmizə böyük əlavə üstünlük verir. “Əsrin kontraktı” imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildi. Ulu Öndər Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərmişdir və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular. 1995-ci ilin mart ayında dövlət çevrilişinə ikinci cəhd baş verdi. Artıq digər qanaddan gələn zərbə yenə də gənc dövlətimizi sarsıtdı. Yenə də xalq Ulu Öndərin ətrafında birləşərək o cəhdə də imkan vermədi. 1996-cı ildə sabitliyi pozmaq üçün əlavə cəhdlər göstərildi, onların da heç bir nəticəsi olmadı və yalnız ondan sonra ölkəmizdə, sözün əsl mənasında, sabitlik yaranmışdır. Sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Bu gün dünyanın bir çox yerlərində sabitlik pozulub, müharibələr, münaqişələr, toqquşmalar baş verir, o, ölkələri geriyə atır. Azərbaycanın timsalında hər kəs əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var. Sabitlik üçün isə güclü lider lazımdır. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Ulu Öndər Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz Ulu Öndər qoyduğu yolla bu gün Azərbaycan uğurla gələcəyə gedir.