YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa konfransı əhəmiyyətli platformadır

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edən ölkə Prezidenti İlham Əliyev çox mühüm açıqlamalar vermişdir.

Qonaqları salamlayan cənab Prezident qeyd etmişdir ki, Ulu Öndərin ən böyük arzusu Şuşanın azad olması idi. Bu arzu bu gün reallaşıb və dahi şəxsiyyətin 100 illiyinə həsr edilmiş tədbirin də məhz Şuşada keçirilməsi xüsusi məna daşıyır.

Cənab Prezident qeyd etmişdir ki, Şuşa şəhəri tarixən Azərbaycan şəhəri olmuşdur. Əsası 270 il bundan əvvəl Pənahəli xan tərəfindən qoyulan bu şəhər  yalnız 28 il işğal altında qalmış və bu zaman darmadağın edilmişdir. Halbuki Şuşanı özlərinin şəhəri elan edən ermənilərə məxsus olan bir şey olsa idi, bu gözəl şəhər dağıdılmaz, inkişaf etdirilərdi. Bu faktın özü ermənilərin bu şəhərə yad olduğunu bir daha sübut edir.

Cənab Prezident ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları üzrə professoru Maykl Reynoldsun Ermənistanla danışıqların nəticələrinə dair sualını cavablandıraraq bildirmişdir: “Onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur.”

Artıq tarixə qovuşmuş Minsk qrupunun yarıtmaz fəaliyyətini qeyd edən ölkə başçısı bildirmişdir ki, bu quruma Azərbaycanda onsuz da etibar yox idi. İndi isə bu qrupu diriltməyə cəhd edilsə də nəticə verməmişdir. Özlərinə həmişə yeni ağa və ağalar axtaran ermənilərin möcüzə gözləmələri də məntiqə uyğun deyildir. Onlar məntiqlə düşünə bilsə və Azərbaycanın təkilfləri əsasında sülh sazişini imzalasalar gələcəkdə dövlət kimi mövcudluqları saxlamaq imkanı qazanacaqlar.

Üçtərəfli Bəyanatın sülh sazişi olmadığını diqqətə çatdıran cənab Prezident bildirmişdir ki, “Beləliklə, biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük. Buna görə biz sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdük. Bütün istiqamətlərdən səs çıxmadı. Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. Sonra isə bizdə Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu.”

Əlbəttə ki, Ermənistanın bu cür spekulyasiyası əslində onların özünə ziyan verməkdədir. Bəyanatın imzalanmasından sonra Azərbaycandakı inkişaf prosesi ilə Ermənistandakı vəziyyəti müqayisə belə etmək mümkün deyildir. Azərbaycanın indi dünyada gedən proseslərdə fəal iştirakı, Avropa ölkələri ilə birlikdə həyata keçirilən enerji layihələri, etibarlı tərəfdaş statusu qazanması ölkəmizin siyasi və iqtisadi imkanlarını xeyli genişləndirmişdir. Ermənistan isə yenə də 40 il bundan  əvvəlki ritorikasını davam etdirməkdən əl çəkmir. Onların Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi cəhdini şərh edən ölkə başçısı demişdir: “Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik.”

NATO-ya və Avropa İttifaqına inteqrasiyaya aid sualı cavablandırakən dövlətimizin başçısı praqmatik yanaşmanın vacibliyini vurğulamış, heç bir nəticələri olmayan səndlərə imza atmaqdansa Azərbaycanın konkret müqavilələrə üstünlük verdiyini bildirmişdir. NATO-nun ikinci ən güclü ordusu olan üzvü Türkiyə ilə müttəfiqlik müqaviləsini və Avropa Şurasının 9 üzvü ilə strateji tərəfdaşlıq müqavilələrini xatırladan cənab Prezident demişdir: “Bəzi ölkələr NATO-ya yaxın görünə bilərlər, bəzi ölkələr NATO-ya üzv olmaq hədəfini elan ediblər. Mən “Şərq tərəfdaşlığı” Proqramına üzv olan ölkələri nəzərdə tuturam. Bəzi ölkələr bunu artıq əlli ildən çoxdur ki, bəyan ediblər. Yeri gəlmişkən, NATO on beş il bundan əvvəl Ukraynaya və Gürcüstana NATO üzvlüyünü vəd etmişdir. Bu, mənim xatirəmdədir. Mən NATO-nun Buxarestdəki Zirvə görüşündə iştirak edirdim və Ukrayna ilə Gürcüstan bəzi aparıcı Avropa ölkələrinin rəhbərləri tərəfindən NATO-ya üzvlük üçün tədbirlər planına qəbul edilməmişdir. Lakin bunun əvəzində elan olunmuşdur ki, onlar üzv olacaqlar. Nə zaman? Bunu heç kim söyləmədi, 15 il keçib. Onlar olduqları yerdədirlər. Lakin biz ordusunun gücü baxımından NATO-nun ikinci dövləti ilə saziş imzaladıq və bu ciddidir. Beləliklə, biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik. Azərbaycanla Türkiyə arasındakı gələcək münasibətlərə gəlincə, mən tamamilə əminəm ki, hər iki ölkə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və s. sahələr olsun. Mən çox nikbinəm və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək.”

Qeyd edək ki, Şuşada keçirilən bu konfrans erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox əhəmiyyətli idi. Bu konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilməlidir.