YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monolit birlik

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Konfransda iştirak və çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugünkü reallıqlar fonunda baş verən hadisələri, çıxarılan nəticələri və Ermənistanla, eləcə də erməniləri haqsız olaraq bu gün də müdafiə edən bəzi qüvvələrlə münasibətlərə aydınlıq gətirmişdir. Həmçinin ölkə başçısı Azərbaycanın  enerji layihələrindəki aparıcı rolundan, Avropanın enerji təchizatındakı respublikamızın rolundan danışaraq regionda cərəyan edən proseslərə münasibətini bilirmişdir: “Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq.”

Cənab Prezident tədbirin Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirərək demişdir: “Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə qürur duyurlar. Bu, ədalətin, tarixi ədalətin bərpa olunmasının, beynəlxalq hüququn qələbəsi idi. Buraya səfər etdiyiniz üçün bir daha sizə təşəkkürümü bildirirəm. Hava o qədər də mülayim deyil, lakin Şuşa belədir. Havanı heç vaxt proqnozlaşdırmaq olmur. Burada tufan qopa bilər, yağış yağa bilər və sonra da qəflətən Günəş çıxa bilər. Ümid edirəm ki, səfərinizdən məmnun qalacaqsınız.”

ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları üzrə professoru Maykl Reynoldsun “Ermənistan Azərbaycanla razılaşmaqdan imtina edərsə, Azərbaycanın masa üzərində hansı imkanları var və müzakirə predmeti olmayan hansısa imkanlar varmı?” sualını cavablandıran ölkə başçısı bir daha qətiyyətlə bildirmişdir ki, “Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər.”

Ermənistanın otuz illik işğal dövründə heç nəyə nail ola bilmədiyini qeyd edən cənab Prezident bildirib ki, onların əsas “qazancı” bütün layihələrdən və regional inkişaf proseslərindən təcrid olunması olmuşdur. Bu da ki indiki vəziyyətdə Ermənistanın vəziyyətini bir qədər də ağırlaşdırır: “Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur.”

Üçtərəfli Bəyanatın nə atəşkəs, nə də sülh sazişi olmadığını diqqətə çatdıran ölkə başçısı bildirib ki, Azərbaycanın mövqeyi inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışdan ibarətdir. Lakin buna baxmayarq yeni ağalar axtaran Ermənsitan bu çağırışa susmaqla cavab verdi: “Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. “

Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən ermənilər hələ də  mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nın sazişin mətninə salmaqda israrlı görünməkdə davam edirlər. Bu israrlığın cavabı olaraq cənab Prezident bildirmişdir ki, “Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar.”

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına dair sualı cavablandıran ölkə başçısı Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri olduğunu diqqətə çatdıraraq bunun həmçinin dolayısı ilə NATO müttəfiqliyi anlamına gəldiyini qeyd edərək demişdir ki, “...siz Azərbaycanın Türkiyənin hərbi müttəfiqi olmasından dolayı olaraq NATO-nun hərbi müttəfiqinə çevrilməsini söyləməklə tamamilə haqlısınız.” Avropa İttifaqı ilə Assosiasiya sazişinə Azərbaycanın imza atmamasının səbəbinə gəlincə cənab Prezident bildirmişdir ki,  biz vahid əməkdaşlıq formatına malik olmaq istəmirik: “Fikrimcə və mən bunu tam səmimiyyətlə deyirəm assosiasiya sazişi, sözün əsl mənasında, saziş deyil. Bu, sadəcə, bir sözdür. Bu, həmin formata qoşulmuş ölkələrə təqdim olunmuş, sadəcə, təlimatlardan ibarət bir siyahıdır. Bu, onların seçimidir və biz ona hörmətlə yanaşırıq. Lakin bu, bizim seçimimiz deyil. Biz fərqli yolu seçmişik və biz Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq sazişini və bəyannaməsini imzalamışıq. Beləliklə, bu, üzv dövlətlərin üçdəbirini təşkil edir. Fərqi yoxdur, strateji tərəfdaşlıq haqqında imzalanmış və ya qəbul edilmiş bəyannamələr assosiasiya sazişindən daha böyük dəyərə malikdir.”

Ölkə başçısı Balkan ölkələri və Qafqazın müqayisəində bunları söyləmişdir: “Beləliklə, Qafqaz mürəkkəb bir ərazidir, təəssüf ki, Balkan ölkələri kimi. Balkan ölkələri və Qafqaz dünyanın ən gözəl guşələrindən biridir, lakin ən mürəkkəb və faciəvi tarixə malik olanlar da onlardır.” Əlbəttə ki, bu faciələrin səbəbkarı heç də həmin regionun xalqları deyildir. Kənar qüvvələrin müdaxiləsi, təhriki bu faciələrdə kifayət qədər mühüm rol oynamış və oynamaqdadır. Elə Ermənistana havadar çıxan Fransa kimi dövlətlərin təhrikedici hərəkətləri də bunu sübut edir. Bir tərəfdə demokratiyadan, ərazi bütövlüyündən danışan Fransa digər tərəfdən otuz illik işğal zamanı səsini belə çıxarmırdı. Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü təşviq edən ABŞ Azərbaycana gəlincə nədənsə susmağa üstünlük verir. Bu da onu göstərir ki, dünyada ikili standartlar mövcuddur və bu proses eynilə davam edir. Ona görə də ölkəmizin başçısı bildirib ki, ən yaxşısı heç kimə yox, dövlət  və xalq ilk özünə, öz gücünə və potenasialına güvənməlidir: “Qərb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin açıq şəkildə ifadə olunmasına gəlincə, düşünürəm ki, bunun vaxtı gələcək, faktiki olaraq artıq gəlir. Vacib olan isə odur ki, Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar bunu de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır.”

Göründüyü kimi, qürurverici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır. İstər- istəməz, gec və ya tez bu reallıqla barışmalı olanlar Azərbaycanın indiki mövqeyini düzgün qiymətləndirməlidirlər.