YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hər zaman sülh mövqeyindən çıxış edir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Mayın 3-də Şuşada Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Prezident İlham Əliyev müxtəlif ölkələrdən konfransa qatılmış qonaqlara Azərbaycan haqqında geniş şəkildə məlumat verdi. Qeyd etmək lazımdır ki, ənənə halını almış bu cür görüşlər Prezident İlham Əliyevin iştirakı ilə mütəmadi şəkildə keçirilir və ölkə başçısı birbaşa beyin mərkəzlərinin nümayəndələrini Azərbaycanla bağlı dolğun və obyektiv informasiya ilə təmin edir.

Konfransda Ulu Öndər Heydər Əliyevin müasir və müstəqil Azərbaycanın banisi olaraq xalqımız üçün etdiyi fədakarlıqlar haqqında Prezident İlham Əliyev söylədi: “Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir”. 

Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin sülh sazişi ilə əlaqədar görüşünün keçirildiyi bir vaxtda Prezident İlham Əliyev Ermənistana bir daha öz xəbərdarlığını etdi: “Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq.” Prezident İlham Əliyevin xəbərdarlıqlarına məhəl qoymayan Ermənistan hansı ağır nəticələrlə üzləşib bunu hərkəs çox yaxşı bilir. Lakin Azərbaycan hər zaman sülh mövqeyindən çıxış edərək Cənubi Qafqaz regionda inteqrasiya, əməkdaşlıq və normal münasibətlər mühitinin bərqərar olmasını dəstəkləyir. Bugünədək  Azərbaycanın irəli sürdüyü 5 prinsipdə beynxəlxalq norma və prinsiplərə zidd heç bir şey yoxdur.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin İttifaqa üzv 9 dövlətlə strateji tərəfdaşlıq haqqında saziş və bəyannamə imzaladığını bildirdi. Milli maraqlara söykənən xarici siyasət hər zaman ölkəmizin mövqeyini beynəlxalq arenada üstün tutur. Ona görə Azərbaycanla təlimatlardan ibarət hər hansısa bir sənəd imzalamaq mümkün deyil. Azərbaycanın xarici siyasətinin digər unikal özəlliyi hər hansısa nəticəsiz bəyanat əsasında deyil, məhz real, əməli fəaliyyətə əsaslanan addımlar üzərində həyata keçirilməsidir. Buna misal Azərbaycan və Türkiyənin hərbi müttəfiqlik əlaqələridir. NATO-da hərbi qüdrətinə görə 2-ci yerdə olan Türkiyə ilə bu alyansın üzvü olmayan Azərbaycan həm Vətən müharibəsində həm də digər dövrlərdə bu müttəfiqlikdən faydalanmışdır. Gürcüstan və Ukraynanın timsalında fərqli mənzərə görünür.