YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik

Elmar Əhmədov

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd edilir. “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə dahi şəxsiyyətin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın qazandığı uğurlar geniş təhlil edilir, bugünkü reallıqların gələcək barədə hansı təsəvvürü yaratdığı diqqətə çatdırılır. Bu baxımdan mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans   Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən möhtəşəm tədbirlər sırasındandır. Konfransın Şuşada təşkili isə Ulu Öndərin xatirəsinə daha bir ehtiramdır. Dövlət başçısı İlham Əliyev konfransdakı çıxışında bunu belə əsaslandırdı: “Mən ADA Universitetinin təşkil etdiyi bir çox tədbirlərdə olmuşam, Bakıda beynəlxalq ekspertlərlə, ictimai xadimlərlə görüşmüşəm, lakin burada belə bir görüş ilk dəfədir ki, keçirilir. Ümid edirəm ki, Azərbaycana ziyarətinizdən, Şuşaya səfərinizdən məmnun qalacaqsınız. Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi isə Şuşa demək olar ki, sıfırdan yenidən qurulur.”

Konfransda məntiqli çıxışı, verilən sualları obyektiv cavablandırması ilə iştirakçıları heyrətləndirən  Prezident İlham Əliyev tarixi Zəfərimizin həm bölgədə, həm də dünya siyasətində yaratıdığı yeniliklərdən geniş bəhs etdi. Qarşıdakı dövrün  hədəflərini açıqlayan dövlət başçısı bir daha Azərbaycanın ədalətin və beynəlxalq hüququn yanında olduğunu, hazırkı dövrdə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyini bir daha əsaslı şəkildə diqqətə çatdırdı. Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərinin təşkil edildiyi zamana təsadüf edən konfrans iştirakçılarının maraq göstərdiyi məqam Azərbaycanla Ermənistan  arasında sülh sazişinin imzalanması ilə bağlı mövcud vəziyyət idi. Ölkə Prezidentinə ünvanlanan suallarda qeyd edildiyi kimi, İkinci Qarabağ müharibəsinin bitməsindən iki il yarım keçməsinə baxmayaraq hələ də münaqişənin yekun həllinə nail olunmaması geosiyasi vəziyyəti gərginləşdirən başlıca amillərdəndir. Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün müxtəlif vasitələrə əl atır. İşğalçı dövlətdə revanşist dairələrin törətdikləri təxribatlardan yaranan gərginliklər davam edir. Dövlət başçısı İlham Əliyev konfransda “Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq” sözləri ilə qəti mövqeyini bildirdi. Bu reallıq da xüsusi qeyd edildi ki, hələ də onların məntiqli davranacaqlarına, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklərinə ümid edirik. Nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir.

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın öhdəliklərini yerinə yetirməyən Ermənistan “bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə”  siyasətini dəyişmir. Cənab İlham Əliyev konfransda bu məqamı da xüsusi qeyd etmişdi. Regional inkişaf proseslərindən təcrid edilən, özlərinə yeni ağa və ya ağalar axtaran işğalçı dövlət heç cür anlamır ki, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması hamıdan artıq onların marağına xidmət edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsaq görərik ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur.

Azərbaycan tarixi Zəfərinin yaratdığı yeni reallıqları yaşayır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri geniş vüsət alıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son günlərdə Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı Şuşadan müraciətində bu məqamı xüsusi qeyd etmişdir ki, Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq: “O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.”

Bu gün Qarabağ, Zəngəzur dirçəlir. Dövlət başçısı İlham Əliyev bu əminliyi bir daha ifadə etdi: “Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.”

DİGƏR Xəbərlər Arxiv