YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ən mühüm amillərdən biri

Səbinə Xasayeva

Milli Məclisin deputatı

İkinci Dünya müharibəsi ötən əsrin ən dəhşətli müharibələrindən biri oldu. Dünya mü­ha­ri­bəsi dünyanın nizamını pozdu. Sabiq SSRİ üçün bu müharibə Vətən müharibəsi idi. Digər müttəfiq respublikalar kimi Azərbaycandan da on minlərlə gənc müharibəyə aparıldı. Azərbaycan bütün­lük­lə müharibəyə səfərbər olundu.

Böyük şair Səməd Vurğunun

Bilsin ana torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm mən də bu gündən, 

misraları döyüş əmrinin, qələbə ruhunun poetik ifadəsi idi. Azərbaycan bütövlükdə Vətən müharibəsinə səfərbər olunmuşdu.

“Tütək səsi” bədii filmini xatırlayıram. Camaat cəbhə üçün, döyüşən ordu üçün nələr etmir­di? – ziynət əşyalarını verirdi, əmək haqqını verirdi, “qara gün” üçün saxladığı olan-qalan pulunu ve­rir­di. Bu film Azər­baycan cəmiyyətinin o dövr üçün obrazı kimi qəbul edilməlidir. Xalq mühari­bə­ni belə yaşayırdı.

O illərdə analar qələbə naminə oğullarını döyüşən orduya inamla, ümidlə göndərirdi. Azərbaycanda istər sənaye, istərsə də kənd təsərrüfatı müharibə şəraitinə müvafiq fəaliyyət  göstərirdi.

Vətən müharibəsində SSRİ-nin ali rütbəli sərkərdələri Azərbaycanın qələbə naminə fədakar­lığını etiraf edirdi: “Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində Qələbəsinə nə qədər la­zım­dırsa, o qədər də yanacaq verirdi” (Sovet İttifaqı Marşalı Georgi Jukov); “Qorxmaz şahin­lə­rin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur” (Sovet İttifaqı Marşalı Konstantin Rokosovski); “Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısın­da borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqrad­da, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhə­nin dö­yüş­çüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar” (Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin).

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Bu qələbənin çalınmasında Azərbaycanın xü­susi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifa­qında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbay­can nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”.

Azərbaycan Böyük Vətən müharibəsində döyüşlərdən uzaqlarda olsa da müharibənin ağrı-acı­ları hər evi sıxırdı. Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri dörd il azərbaycanlı anaların iz­tirablarını ifadə edirdi. Böyük Vətən müharibəsində ata və oğulları döyüşürdü, qardaşlar döyü­şür­dü. Azərbaycanlı döyüşçülər qələbə naminə mərdliklə döyüşürdülər. Səngərlərdən arxada Vətən olduğunu dərk edib qəhrəmanlıqla döyüşdülər. Gəray Əsədovun, İsrafil Məmmədovun, Məlik Məhərrəmovun, Məzahir Abbasovun və başqalarının qəhrəman­lıq­ları Böyük Vətən müharibəsinin ilk vaxtlarında örnək olmuşdu. Sağ qalan, döyüşü davam etdirən azərbaycanlı igid­lər Azərbaycanın qəhrəman oğlu adını Sovet İttifaqı Qəhrəmanı adı ilə qoşa yaşadırdı.

Mehdi Hüseynzadənin qəhrəmanlığı əfsanələşmişdi. Partizan hərəkatında bu ad Yuqoslovi­yanın qəhrəmanlıq rəmzi olmuşdu. Faşizm üzərində qələbədən 78 il keçir. Uzaq Yuqoslaviya Mi­xay­lonu – Mehdi Hüseynzadəni indi də ehtiramla xatırlayır. Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1973-cü il mayın 9-da Mehdi Hüseynzadənin abidəsinin təntənəli açılışında onun partizan hərə­ka­tın­da iştirakından, döyüş yolundan danışaraq deyib: “Mehdi Hüseynzadənin adı müasir­lə­rimizin və gələcək nəsillərin hafizəsindən heç zaman silinməyəcək”.

Böyük Vətən müharibəsində neçə-neçə Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adı­na layiq görüldü. Ancaq qələbə naminə misilsiz xidmətlərinə görə Azərbaycanın paytaxtına – Ba­kı­ya “Qəhrəman şəhər” adı verilmədi... Böyük Vətən müharibəsində Azərbaycan elmi də döyü­şürdü – akademik Yusif Məmmədəliyevin timsalında bu elm döyüşən aviasiyanı yüksək oktanlı benzinlə təmin edirdi. Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılmışdı. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verilmişdi. 300-dən artıq mühüm ixtira istehsalata tətbiq edilmişdi. Nəticədə 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlanmışdı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunmuşdu ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4 faizini  təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.

Böyük Vətən müharibəsində Azərbaycan ədəbiyyatı da, mədəniyyəti də, incəsənəti də əsgər­ləş­mişdi. Üzeyir Hacıbəyovun Nizaminin sözlərinə yazdığı və qələbəyə həsr etdiyi “Sənsiz”, “Sev­gili canan”, Ə.Bədəlbəylinin B.Zeydmanla birgə yazdığı “Xalqın qəzəbi”, Niyazinin “Xosrov və Şirin” operası, “Döyüşdə” simfonik əsəri, S.Rüstəmovun “Cəbhə eşqi” əsəri, “Cəbhəyə”, “İrə­li”, "Qəzəl”, "Qəhrəmanlar marşı” mahnıları, Ağabacı Rzayevanın “Cəngi”, “Vətən nəğməsi”, “Dil­bərim”, “Gözlərin” mahnıları müharibə dövrünün əsərləridir. Müharibə illərində Moskva konservatoriyasının tələbəsi olan Qara Qarayev və Cövdət Hacıyevin bəstələdiyi “Vətən operası” (libretto müəllifi İ.Hidayətzadə) əsəri 1946-cı ildə Dövlət mükafatına layiq görüldü.

Cənab İlham Əliyev deyib: “Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya  müharibəsinin  cəbhələrində döyüşüblər.  Onların yarısı öz canlarını ümumi qələbəmiz naminə qurban verib.”

Tarix deyir ki, II dünya müharibəsində Azərbaycan sənayesi tamamilə müharibə şəraitinə uyğun işləyirdi. Digər sahələr kimi maşınqayırma da döyüşən ordunun sənayesi idi. O vaxt­larda respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya minomyotu istehsal edən zavod yaradıldı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış 2 dəfə artdı. Bir müddət sonra Bakıda “YAK” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi.

Azərbaycan Böyük Vətən müharibəsində döyüşən ordunun ən cəfakeş respublikalarından biri (bəlkə də birincisi!) olmuşdu. Bu azərbaycanlıların milli mentaliteti ilə bağlı olan bəşəri xarakterdir. Sonrakı illərdə də xalqımız Vətənimiz Azərbaycan üçün əsgərləşmiş ömür yaşadı.