YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənə sədaqət nümunəsi

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor 

 “Nə qədər Azərbaycan var, mən də olacam! ”- deyən, Ümummilli Lider Heydər Əliyev canından çox sevdiyi Azərbaycan üçün, onun gələcəyi üçün çalışan bu görkəmli ictimai-siyasi xadim sözün əsl mənasında qüdrətli Azərbaycanın memarıdır. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Bu fikirlər onun həyat fəlsəfəsi idi.  Hər bir addımında, hər bir qərarında Azərbaycan üçün, onun inkişafı və gələcəyi üçün çalışırdı. Bütün  həyatını bu müqəddəs məqsədə həsr etmişdir. Onun zəngin irsini araşdırarkən bir nəticəyə gəlmək olur- sözün əsl mənasında - Vətəndaş!  Bütün dünyada layiqli hörmət və  nüfuz qazanmış görkəmli dövlət xadimi ölkəmizi bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmışdır.

Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət olması üçün real fundamentlər qoyulurdu. Sovetlər dönəmində  Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi daxil olmuşdu. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl ölkəyə  çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı. Xüsusilə o dövrdə “sovet ideologiyası” nın əsas  olduğu bir zamanda, Heydər Əliyev “milli ideologiyanın”, “azərbaycançılığın” formalaşması istiqamətində iş aparırdı.  Bu isə  müstəqil dövlət qurmaq üçün mühüm amil idi. O, həmişə bir prinsipi əsas götürürdü: “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Hələ sovet dövründə Azərbaycan tarixi, mədəni irsinin yaşadılması üçün tanınmış alimlərin, tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin, bəstəkar və incəsənət xadimlərinin ev muzeyləri yaradılır, abidələr qoyulur, məqbərələr tikilirdi.

Xalq haqlı olaraq Ümummilli lideri xilaskar adlandırmışdır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan  xilas oldu. Ulu Öndər deyirdi: “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin, Azərbaycan müharibə şəraitindən çıxa bilsin”. Strateji məqsədlərə çatmaq üçün ölkəyə Ulu Öndərin uzaqgörənliyi lazım idi. Qısa bir zamanda, lakin çox mürəkkəb danışıqlar və görüşlər nəticəsində Azərbaycanın iqtisadi inkişafına və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı.  İqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Ulu Öndər dəfələrlə demişdi ki, “sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Ordu quruculuğu işləri daha da möhkəmləndirildi. Bu siyasəti daha da gücləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev elə bir Ordu yaratdı ki, 30 illik erməni işğalına  44 gündə  son qoydu.

Müstəqilliyin ilk illərində mühüm qanunvericilik aktlarının qəbul olmasına baxmayaraq, Milli Məclis fəaliyyəti xaotik idi. Bura sanki müxtəlif siyasi qrupların çəkişmə meydanına çevrilmişdir. Lakin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin səyi nəticəsində, qanunvericilik sahəsində də böyük islahatlar edildi. Xüsusi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi mühüm tarixi hadisə oldu. Onun sivil dövlət quruculuğu ideyalarını yaşadan Milli Məclis bu gün Prezident İlham Əliyevin  yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir. 

Bu hadisələrə bir də tarixi rakursdan baxsaq görərik ki, Ulu Öndər, vaxtı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı başlanan və yarımçıq qalan ideyaları bir-birinin ardıca reallığa çevirirdi.  Tarixi varislik prinsiplərini əsas götürməklə, bir çox mühüm siyasi, tarixi, strateji, iqtisadi əhəmiyyət kəsb edən məsələləri yenidən canlandırdı. Nümunələr saysızdır. Ordu quruculuğu, Azərbaycan dili, iqtisadiyyatda, diplomatiyada, insan hüquq və azadlıqlarının qorunmasında, dövlət atributlarının təbliğ olunmasında biz bu varisliyi görə bilərik. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu. Bu yolda heç bir çətinlikdən qorxub çəkinmədi. Bunu kim edə bilər: Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan lider! O, təkcə öz ölkəsində deyil, bütün dünyada layiqli hörmət və  nüfuz qazanmış görkəmli dövlət xadimidir. O deyirdi ki, "Mənim əsas silahım Sözdür". Bu silah sayəsində Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Heydər Əliyevin sülh məramlı daxili və xarici siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan tanınır.

Ulu Öndərin ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması sahəsində gördüyü işlər xüsusi ilə qeyd olunmalıdır. Baxmayaraq ki, çətin bir dövr idi, o, qadın və uşaq hüquqları  ilə bağlı bütün zəruri beynəlxalq konvensiyalara qoşulmaq üçün çağırışlar edirdi. BMT Uşaq Fondunun və Əhali Fondunun, eləcə də digər qurumların Azərbaycanla əməkdaşlığına şərait yaradırdı. Bu nə üçün lazım idi? İnformasiya blokadası vəziyyətində olan bir ölkə üçün bundan yaxşı fürsət ola bilməzdi. 1995-ci ildə Azərbaycan qadınları Pekin Konfransında çıxış edərək ilk dəfə ölkəmizin qaçqın və məcburi köçkün qadın və uşaqların  vəziyyətini yüksək tribunadan səsləndirdilər. Bu tarixi şans idi. Bundan əlavə qəbul edilmiş Fəaliyyət Planında 12 istiqamətlərdən biri kimi, qadın və qaçqınlıq, məcburi köçkünlük məsələsi məhz Azərbaycan qadın nümayəndə heyəti tərəfindən təklif edildi və yekdilliklə qəbul olundu.  Məlum olduğu kimi müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir. Əks təqdirdə qadının idarəetmədə çalışması mümkün deyil. Ulu Öndər Heydər Əliyev hər zaman çalışırdı ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə diqqəti artırırdı. Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanda qadınların rolunun artırılması", “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı Sərəncamlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Bu siyasəti davam etdirərək 2006-ci ildə Prezident İlham Əliyev “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” regionda analoqu olmayan çox mühüm Qanun imzaladı. Qanuna əsasən Azərbaycan qadınları  çox geniş hüquqi təminatlar əldə etdilər. Bu, kişi  və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. 2010-cu ildə isə daha bir cəsarətli addım atılaraq “Qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması” haqqında Qanunu təsdiqləməklə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm mərhələnin əsasını qoydu. Xüsusilə  qeyd etmək lazımdır ki, bu Qanunun qəbul olunmasında Respublikanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu  vardır. 

Hansı sahəyə baxsaq, orada Ulu Öndərin atdığı təməli görəcəyik. Bu möhkəm əsaslar Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi  ilə  daha da gücləndirilir.   Məhz bu siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlir, ölkənin hərbi qüdrəti daha artır. Azərbaycan  müasirləşir, şəhər və kəndlərin siması kökündən dəyişir. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Vətən Müharibəsindən 2 il yarım keçməsinə baxmayaraq, bu gün azad olunmuş ərazilərdə yol, nəqliyyat, enerji və digər sosial infrastruktur qurulur, artıq Füzuli, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi, “ağıllı kənd”, “ağıllı şəhərlər” salınır, yaşıl iqtisadiyyat konsepsiyasına uyğun  layihələr həyata keçirilir, insanlar öz dədə-baba yurduna qayıdır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Bütün bunlar bir daha ölkəmizin iqtisadi imkanlarından, dövlət başçısının güclü iradəsindən xəbər verir.  Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilib. Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü daha böyükdür.  O, bütün həyatı boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmişdir.