YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni inkşaf səhifəsinin başlanğıcı

Ömrünü xalqına və dövlətinə həsr etmiş Ümumilli Liderimiz Heydər Əliyev fitri istedadı, ali intellekti, yüksək rəhbərlik bacarığı, cəsarəti, qorxmazlığı, güclü iradəsi, böyük dövlətçilik təcrübəsi ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək sabitlik, iqtisadi inkişaf, tərəqqi yoluna çıxarmış və bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlini qoymuşdur. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmət bəsləmiş, onlara yüksək diqqət və qayğı ilə yanaşmış və ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoymuşdur.

Hələ 1969-cu ildə Heydər Əliyev Respublikamıza ilk dəfə rəhbərlik etməyə başladığı vaxtdan etibarən Ulu Öndərimiz tərəfindən qadınların yüksək rəhbər vəzifələrə təyin olunmasına başlanılmışdır. Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə olaraq Ümumilli Liderimiz tərəfindən ali məktəblərə qadın rektorlar təyin edilmişdir. Eyni zamanda dahi Heydər Əliyev qadınların zəhmətini və fəaliyyətini yüksək dəyərləndirmiş, mütəmadi olaraq fəaliyyətində fərqlənən qadınları fəxri adlarla təltif etmişdir.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərimiz qadınların cəmiyyətdə rolunun artırılması, dövlət idarəçiliyində iştirakı, kişilərlə bərabər hüquqlara malik olması kimi məsələləri və ümumilikdə dövlət qadın siyasətinin gücləndirilməsini prioritet hədəflər olaraq qarşıya qoymuşdur. Bu istiqamətdə Ümumilli Liderimiz tərəfindən bütün lazımi şərait yaradılmış, bir çox sistemli və kompleks tədbirlər həyata keçirilmiş, Fərman və Sərəncamlar imzalanmış və ölkəmiz bir sıra beynəlxalq Konvensiyalara üzv olmuşdur. Azərbaycan 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyaya,  2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur.                     

Ulu Öndərimiz Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin hüquqi bazasının genişləndirilməsi və təkminləşdirilməsi istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilmişdir. Beləki,1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda qadınların hüquq bərabərliyi ən yüksək səviyyədə öz əksini tapmışdır. Eyni zamanda 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam, 2000-ci ildə “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” 289 saylı Fərman imzalanmışdır.

Həmin dövrlərdə Ümumilli Liderimizin dövlət qadın siyasətilə bağlı diqqətdə saxladığı əsas məsələlərdən biri də Azərbaycan qadınlarının dünya miqyasında, beynəlxalq platformalarda təmsil olunması idi. Bu istiqamətdə, 1994-cü il sentyabrın 19 - da Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzalandı. İmzalanmış Fərmana əsasən 1995-ci ildə Pekin şəhərində keçiriləcək IV Dünya Qadın Konfransına ciddi hazırlıq işləri başlandı. Nəticədə Pekində keçirilən IV Ümumdünya Konfransında Azərbaycan qadınları ən yüksək səviyyədə təmsil olundu və ilk dəfə olaraq Azərbaycanın qadın nümayəndəsi beynəlxalq konfransda həmsədr olaraq seçildi. Xalqımızın Dühası Heydər Əliyevin səyi nətiəcsində əldə olunmuş bu uğur müasir qadın hərəkatına yeni bir nəfəs oldu.

Ölkəmizdə qadınların fəallığının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri Dahi Heydər Əliyevin dəstəyi əsasında Qadın Qurultaylarının keçirilməsi olmuşdur. 5 ildən bir keçirilən Qadın Qurultayları Azərbaycanda qadın hərəkatı tarixində yeni inkşaf səhifəsinin başlanğıcı oldu. Azərbaycan Respublikası Qadınlarının I Qurultayında iştirak edən Ulu Öndər Heydər Əliyev qadınlar haqqında bu fikirləri səsləndirmişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir.”             

Bu fikirlər bir daha Heydər Əliyev Dühasının Azərbaycan qadınına və onun zəhmətinə necə yüksək dəyər verməsinin göstəricisidir. 

Dahi Şəxsiyyət Heydər Əliyevin qadınların rolunun artırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən biri də Böyük Öndərin tövsiyəsi ilə 1995-ci ildə  Yeni Azərbaycan Partiyasınının tərkibində qadın şuralarının yaradılması olmuşdur. Dahi Heydər Əliyev ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları istər ölkəmizin ictimai həyatında, istərsə də Yeni Azərbaycan Partiyasının işində daha da fəal iştirak etməyə başladılar. Bu gün Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində qadınlar böyük, aparıcı, möhtəşəm və nümunəvi qüvvəyə çevrilmişdir.

Ümumiyyətlə xalqımızın Ümumilli Lideri Heydər Əliyevin həyata keçirdiyi dövlət qadın siyasətindən, qadınlara olan diqqət və qayğısından nə qədər danışsaq azdır. Bu gün Azərbaycan qadını istər dövlət idarəçiliyində istərsə də cəmiyyətin bütün sahələrində yüksək vəzifələrdə layiqincə təmsil olunurlar. Eyni zamanda Azərbaycan qadınları dünya miqyasında da böyük uğurlar və nailiyyətlər əldə edir, şanlı bayrağımızı ən yüksək beynəlxalq arenalarda dalğalandırır. Bütün bu deyilənlərə Birinci Vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti bariz sübutdur. Birinci Vitse-prezidentimizin zəngin və parlaq fəaliyyəti, elmi yaradıcılığı, ən ali  ülvi keyfiyyətləri Azərbaycan  qadınının daxili dünyasının zənginliyinin, elmi təfəkkürünün  aliliyinin və humanistliyinin göstəricisidir. Mehriban xanım Əliyeva Azərbaycan qadınının ən yüksək xüsusiyyətlərini özündə  cəmləyərək fəaliyyəti ilə nümunəvi qadın obrazını yaratmışdır. Mehriban xanım Əliyevanın çoxşəxali və humanist fəaliyyəti nəinki ölkəmiz Azərbaycanda, həmçinin dünya miqyasında da yüksək ehtiramla qarşılanır və təqdir olunur.

Əsası Azərbaycan xalqının Ulu Öndəri, xilaskarı, Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və layiqincə davam, daha da inkşaf etdirilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu və unikal siyasəti özünü dövlət qadın siyasətində də göstərmişdir. Ölkə başçımız cənab İlham Əliyevin 2006-cı ildə imzaladığı Sərəncama əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi MDB ölkələri içərisində ilk və yeganə dövlət qurumu idi. Bu fakt bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qadınlara olan yüksək diqqət və qayğısının və bu sahədə ölkəmizin dünya miqyasında qabaqcıl dövlətlərdən olmasının göstəricidir.

Hazırda Azərbaycanda qadınların inkşafı üçün bütün imkanlar və hərtərəfli şərait mövcuddur  və ölkəmizdə qadınlar bir sıra rəhbər vəzifələrdə çalışmaqdadır. Belə ki, Azərbaycanda 1 nəfər qadın vitse-prezident, 1 nəfər qadın Milli Məclisin Sədri, 1 nəfər qadın nazir, 9 nəfər qadın nazir müavini, 2 nəfər qadın dövlət komitəsinin sədri, 3 nəfər qadın dövlət komitəsinin sədrinin müavini, 1 nəfər qadın yerli icra hakimiyyəti başçısı, 72 nəfər qadın yerli icra hakimiyyəti başçısının müavini vəzifələrində çalışır. Eyni zamanda ölkəmizdə hakim qadınların sayı 91, Milli Məclisdə qadın deputatların sayı isə 22 nəfərdir. Ölkəmizdə 250231 nəfər dövlət reyestrində  qeydiyyatda olan fərdi sahibkar qadın fəaliyyət göstərir. Bu gün ölkəmizdə istər dövlət idarəçiliyi, istər qanunların qəbulu, istərsə də özəl sahədə Azərbaycan qadını yüksək əzmlə, böyük peşakərlıqla fəaliyyət göstərir.

Ümumiyyətlə, milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən, Heydər Əliyev prinsiplərinə sadiq olan Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi həyatında, dövlət idarəçiliyi və qanunların qəbulu o cümlədən özəl sahələrdə fəal iştirak edərək hər bir sahədə Azərbaycanın inkişafına öz töhfələrini verməkdədirlər. Eyni zamanda Azərbaycan qadını öz əzəli funksiyası olan analıq vəzifəsini və borcunu da şərəflə yerinə yetirir. Xüsusi olaraq və qürürla qeyd etmək lazımdır ki, Azərbaycan qadını dövlət idarəçiliyindəki fəaliyyəti ilə yanaşı Vətənin müdafiəsində və döyüş meydanlarında böyük fədakarlıq, şücaət nümayiş etdirmişdir. Həmçinin Azərbaycan Anasının vətənpərvərlik ruhunda tərbiyə etdiyi, böyüdüb boya başa çatdırdığı qəhrəman Azərbaycan oğulları torpaqlarımızı düşmən işğalından azad etdi.

Azərbaycan qadının əldə etdiyi bütün uğurlar, yüksək nəticələr Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu dövlət qadın siyasətinin nəticəsidir. Azərbaycan qadını hər zaman Xalqımızın Ümumilli Lideri, Ulu Öndəri Heydər Əliyevin əziz xatirəsini yüksək ehtiram və minnətdarlıq hissi ilə yad edəcək.

DİGƏR Xəbərlər Arxiv