YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mina terroru: savaş bitib, müharibə cinayətləri davam edir – TƏHLİL / VİDEO

Ermənistan Azərbaycana qarşı 30 illik müharibə cinayətlərinə hələ də son verməyib. Aprelin 28-də Tərtər rayonunda üç nəfər mülki şəxsin mina partlayışı nəticəsində həlak olması bunun daha bir əyani sübutudur.

Təkcə bir fakta nəzər yetirək. Vətən müharibəsindən bu günədək 300-ə yaxın şəxs Ermənistanın mina terrorunun qurbanı olub. Bu o deməkdir ki, düşmən ərazimizdə müharibəni gizli şəkildə davam etdirir, dinc əhaliyə qarşı terror törədir. Məqsəd bəllidir: daha çox mülki şəxsin həlak olmasına nail olmaq, bölgədə gərginliyi alovlandırmaq, sülh prosesini sabotaj etmək.

Beynəlxalq konvensiyalara əsasən, əraziləri minalamış tərəf müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə təqdim etməlidir.  Ermənistan isə beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq basdırdığı minaların dəqiq xəritələri barədə nəinki məlumat vermədi, əksinə, yeni ölüm toxumları səpdi. Beynəlxalq təzyiqlərdən sonra təqdim etdiyi xəritələrin dəqiqliyi isə cəmi 20-25 faiz oldu.

Bütün bunlar, heç şübhəsiz, azad olunan ərazilərdə quruculuq işlərinə və qayıdış prosesinə ciddi əngəl törətməyə hesablanıb. Çünki dəqiq xəritələrin təqdim olunmaması təmizləmə işlərini çətinləşdirir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngidir.

Rəsmi Bakı bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müraciət etsə də, istənilən nəticə yoxdur. Ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar Azərbaycana qarşı törədilən hərbi cinayətlərə göz yumaraq məsələyə biganə yanaşır, terrorçu ölkəni sərt şəkildə qınamır. Belə laqeyd münasibət isə Ermənistanın cəzasızlıq mühitində yeni cinayət əməllərinə yol açır, yüzlərlə vətəndaşımız ermənilər tərəfindən basdırılan minaların qurbanı olur.

İmkan vermədik də. 30 illik işğala son qoyan, tarixi ədaləti bərpa edən Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini qurmaqla bu dəfə də beynəlxalq normalar çərçivəsində leqal hərəkət etdi, Ermənistanın qanunsuz əməllərinin-müxtəlif yollarla Qarabağa silah-sursat, canlı qüvvə, o cümlədən mina daşınmasının qarşısını aldı.

Həmişə haqq-ədalətdən, humanizmdən dəm vuran beynəlxalq təşkilatlar itirilmiş imiclərini bərpa etmək üçün ikili standartlar qəlibindən çıxmalı, minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq göstərməli, hətta müharibə cinayətlərinə görə bu ölkəyə qarşı sanksiya tələbi ilə çıxış etməlidirlər. Əgər verdikləri bəyanatlarda olduğu kimi, həqiqətən regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdırlarsa…