YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər üçün nümunə

Müasir dünyada dövlətlərin gücü onların həm də texnoloji üstünlükləri, hərbi və iqtisadi imkanlarını yüksəldən tərəqqi ilə ölçülür. Bu baxımdan qardaş Türkiyənin son illərdəki nailiyyətləri heç nə ilə müqayisə oluna bilməz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq arenada dövlətin diplomatik nüfuzunun gücləndirilməsi həm də iqtisadi və texnoloji imkanların artırılması ilə möhkəmlənir.

Məhz Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” sözügedən qüdrətin dünyaya nümayişi hesab oluna bilər.  “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunan bu nüfuzlu tədbir qardaş ölkənin həm də elmi, hərbi qüdrətinin diqtəsi kimi qəbul olunmalıdır.

Bu fikirləri  Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov bildirib.

O qeyd edib ki, inanılmaz elmi sıçrayışla yeni çağırışlar fonunda aerokosmik və texnologiya sahəsində inkişaf dövrünu yaşayan Türkiyəniin güclənməsi Prezident İlham Əliyevin sözləri ilə desək, elə Azərbaycanın güclənməsi deməkdir. Çünki tarixin bütün sınaqlarından şərəflə çıxaraq birgə addımlayan Azərbaycan–Türkiyə qardaşlığı müasir geopolitik münasibətlər üçün nümunədir.

Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı da birliyin, qardaşlığın yaratdığı xoş bir hadisə idi. Bu, dövlətimizin başçısının səfər çərçivəsində adıçəkilən festivalındakı çıxışından da qabarıq nəzərə çarpırdı. Dövlətimizin başçısı nitqində Türkiyənin son 20 il ərzində böyük və şərəfli yol keçdiyini, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qardaş ölkənin dünya çapında söz sahibinə çevrildiyini, bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantı olduğunu diqqətə çatdırdı.

Azərbaycan lideri çıxışında daha sonra Türkiyənin artıq Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzi kimi tanındığını, bu dövlətin önəminin, rolunun getdikcə artdığını, dinamik inkişafda olan sənayesinin isə həm özünü, həm də müttəfiqlərini gücləndirdiyini vurğuladı.

Yeri gəlmişkən, “TEKNOFEST” festivalı çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platformadır. Məhz bunun nəticəsidir ki, belə bir möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur.

Dünyanın bir nömrəli aviasiya, kosmik və texnoloji festivalı kimi nüfuz qazanan “TEKNOFEST” ilk dəfə 2018-ci ildə gerçəkləşib və artıq öz sahəsində bir markaya çevrilib. Texnologiyaya, müdafiə sənayesinə, elmə marağı olan gənclərin bir araya gəldikləri bu tədbir keçən il Bakıda keçirilib.  

Statistikaya baxanda məlum olur ki, cəmi 4 milyon mükafat və dəstək məbləği ilə başlayan proses artıq 44 milyon lirəyə çatıb. Rekordların və ilklərin festivalı olan “TEKNOFEST”in qarşıdakı dövrdə uğur səviyyəsinin daha da yüksələcəyinə böyük əminlik yaranıb.

Yeri gəlmişkən, “TEKNOFEST”in qurucusu Səlcuk Bayraqdar Azərbaycanda, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada dəfələrlə olub. Son gəlişi–aprelin 3-də respublikamıza səfəri zamanı isə ölkəmizdə “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəlinib. Yaxın gələcəkdə bu mərkəzin nəzdində təhsil, xidmət, istehsal sahələrinin qurulacağı da qərara alınıb. Başqa sözlə, “Bayraktar” mərkəzinin Azərbaycanda fəaliyyətə başlayacağı respublikamızda reallaşdırılacaq genişmiqyaslı layihələrdən, xüsusilə qəhrəman ordumuzun arsenalının daha da gücləndirəcəyindən xəbər verir.

Onu da xatırladım ki, Prezident İlham Əliyevin çıxışında Türkiyənin artan hərbi gücü, “Kızılelma” ilə bağlı səsləndirdiyi–“Böyük iyirmilik”də (G20) olan qardaş ölkə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatçısı olması, böyük siyasi mərkəzə çevrilməsi və Türk dünyasının birləşməsində önəmli rol oynaması–fikirləri də şübhəsiz ki, Türk dövlətləri üçün mühüm əhəmiyyət daşıyır. Bununla da dünyaya “Bir yumruq” ifadəsi ilə iki dövlətin bütün sahələrdə birlikdə olmaları bir daha bəyan edilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək Azərbaycanla qardaşlıq münasibətlərinə də bir daha toxunub. Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Cümhurbaşqanı deyib: “Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi”.

Yeri gəlmişkən, Türkiyə Prezidenti çıxışında Qara dənizdə çıxarılan təbii qazın istismarına başlanılmasını, milli döyüş təyyarəsinin, “Gökbey” helikopterinin, “Hürjet” və “ATAK-2” qırıcılarının, “Altay” tankının istifadəyə verilməsini Türkiyənin son illərdə böyük uğurlarının göstəricisi kimi dəyərləndirərək, “TEKNOFEST”in bütün bu nailiyyətlərin rəmzi olduğunu qeyd edib.  

Sonda siyasi şərhçi qeyd edib ki, Türkiyənin son illərdə kosmik sahədə qazandığı  böyük uğurlar bizi sevindirdiyi kimi düşmənlərimizi də məyus edir.

Şübhəsiz, hamı anlamalıdır ki, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünya düzəni üçün nümunəyə çevrilən Azərbaycan Türkiyə birliyi region üçün, eləcə də dünya üçün barış və təhlükəsizlik ünvanıdır.