YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər zaman bir yerdə

Zəngin tarixə malik olan Azərbaycan-Türkiyə əlaqələrinin son illər yüksələn xətlə inkişaf etdiyi diqqətdən kənarda qalmır. Tarixi Zəfərimiz dünya siyasətində yeniliklərə yol açmaqla bərabər, türk dünyasının birliyinin zəruriliyi məsələsini daha da aktuallaşdırdı. Bu gün dünya Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun timsalında böyük ailə kimi dəyərləndirilən Türk dünyasının həmrəyliyini görür. Artıq hər günün bu qardaşlığın möhkəmlənməsində bir mühüm hadisə ilə yadda qaldığının şahidi olur və bundan böyük qürur hissi keçiririk. Aprelin 29-da dövlətimizin başçısı İlham Əliyev qardaş ölkəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə İstanbulda keçirilən “TEKNOFEST” festivalında iştirak etdilər. Bu festival qardaş ölkənin digər sahələrdə olduğu kimi, kosmos, aviasiya və texnologiya sahələrində də necə sürətlə inkişaf etdiyini göstərir.

Onu da qeyd edək ki, ötən ilin may ayında “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda - Azərbaycanda keçirildi. “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Mehriban Əliyeva və Əminə xanım Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak etmişdilər. Bu mühüm addım Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf göstəricilərindən biri olmaqla yanaşı, belə bir reallığa da işıq saldı ki, hər iki ölkənin gəncləri də potensial imkanlarından bəhrələnərək bu dostluğa öz töhfələrini verə bilərlər. Reallıq budur ki, Türkiyə müasir texnologiyalara əsaslanan layihələri ilə diqqətdədir. Məhz bu uğurlara söykənərək dövlət başçısı İlham Əliyev bu günlərdə “TEXNOFEST” festivalındakı çıxışında bildirdi: “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığının əsasında böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” fikirləri dayanır. Dövlətimizin başçısı İlham Əliyev “TEXNOFEST” festivalında bu tezislərə belə bir əlavəni etdi: “Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”. Təbii ki, böyük əminliklə qeyd olunan bu reallıq Azərbaycan-Türkiyə birliyinin dünəninə və bu gününə, bunların fonunda gələcəklə bağlı müəyyənləşdirilən hədəflərə əsaslanır. Ermənistanın 30 il davam edən işğalı dövründə dünya bu birliyin fonunda ədalətin və beynəlxalq hüququn müdafiəsinin, bununla bağlı dünyaya ünvanlanan çağırışların şahidi oldu. İstər rəsmi Ankara, istərsə də rəsmi Bakı ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin yolverilməzliyini bəyan edərək beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsinin vacibliyini bəyan etdilər. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gətirildikcə rəsmi Ankara bunun hansı şərtlər daxilində mümkünlüyünü bəyan edərək, işğalçı Ermənistandan sülh danışıqları əsasında Azərbaycan torpaqlarını işğaldan azad etməyi tələb etdi. Ermənilərin Türkiyəyə qarşı əsassız “erməni soyqırımı” iddiası da gündəmdə saxlanılır və bundan zaman-zaman qardaş ölkəyə qarşı bir təzyiq vasitəsi kimi istifadə edilir. Aprelin 23-də ermənilərin qondarma “erməni soyqırımı” ilə bağlı yürüşə hazırlığın ilk anında Azərbaycan və Türkiyə bayraqlarını yandırmaları dünyanın gözü qarşısında baş verdi. Türk və Azərbaycan xalqlarına düşmənçilikdən irəli gələn bu addım heç də təəccüblə qarşılanmadı. Çünki bir müddət öncə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın Dövlət Bayrağı Paşinyan ailəsinə yaxın olan şəxs tərəfindən yandırıldı. Bu vandalizm aktına həm Ermənistan hakimiyyətində, həm də dünyada laqeyd yanaşma bir çox məqamlara aydınlıq gətirmişdi.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, həmin yarışda qələbə qazanan Türkiyədən olan qadın idmançıların atdıqları addımlar Ermənistana və onun havadarlarına ciddi mesaj və dərs oldu. Bir gün öncə Azərbaycan Bayrağını yandırmaqla xalqımıza qarşı düşmənçiliyini, nifrətini nümayiş etdirən ermənilər növbəti gün başlarının üzərində Türkiyə bayrağının ucaldılmasının, eyni zamanda, bu qələbənin Azərbaycana həsr edilməsinin şahidi oldular. Aprelin 28-də ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşündə dövlət başçısı bu mühüm addımın Türkiyə və Azərbaycanın, iki qardaş ölkənin bütün məsələlərdə bir yerdə olduqlarını təsdiqlədiyini bildirdi: “Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər əziz olan Türk Bayrağı orada dalğalandı”. Azərbaycan Prezidenti belə bir çağırışı da səsləndirdi ki, bayraq yandırmaq heç kimə şərəf gətirmir. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra neçə-neçə nəsillərin belə qürur duyacaqları dövrünü yaşayır. Artıq iki ildir ki, bu dostluq, qardaşlıq, müttəfiqlik əlaqələrinə Şuşa Bəyannaməsi bələdçilik edir. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsinə xidmət edəcək daha bir hədəfi açıqladı: Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq. Azərbaycan səmasında “Kızılelma” olacaq.

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, yeni hədəflərin reallığa çevrilməsi ölkəmizin hərbi qüdrətinin daha da möhkəmləndirilməsində öz sözünü deyəcək. Türkiyə Ordusu bu gün dünyada ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm Azərbaycanı gücləndirir.