YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ erməniləri üçün edə biləcəyimiz ən yaxşı iş onlara “Asan Xidmət”lə vətəndaşlıq pasportlarımızın verilməsi olacaq

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, elmlər doktoru

“Heydər Əliyev ili” elan olunan 2023-cü ilin qədəmləri uğurlu gəlib. Daxil olduğu ilk gündən xalqımıza, millətimizə, dövlətimizə böyük nailiyyətlərin davamını gətirən bir il olmağı hədəfləyib. Xüsusən, Böyük Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsindən sonra Rusiya Sülhməramlı adlandırılan qüvvələrin müvəqqəti yerləşdiyi və 20-25 minlik erməni vətəndaşlarımızın toplu yaşadığı ərazilərə dövlət nəzarətimizin bərpa olunması istiqamətində əldə olunan uğurlarımız bizi ikiqat sevindirir. Çünki ərazi bütövlüyümüz bərpa olunsa da, üçrəngli bayrağımızın dalğalanacağı Xankəndi, Xocalı şəhərləri və onlarla qəsəbə və kəndlər vardır ki, o yerlərdə hələlik seperatçı tör-töküntüləri sülənirlər və arabir xarici havadarlarının dəstək mesajlarından ilham alaraq ölkəmizə, xalqımıza dil uzadırlar, yenə “müstəqillik”dən, “heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq”larından dəm vururlar. Ona görə Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanındakı qələbənin davamı olaraq siyasi masada sıralanan qalibiyyətlərimiz xalqımızı və dostlarımızı nə qədər çox sevincə qərq edirsə, düşmənlərimizi bir o qədər məyus edir. Həm də bu qələbələr heç bir şəhid vermədən, qan tökmədən qazanılanda daha da əvəzolunmaz olur. Bu nöqteyi-nəzərdən Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsinin tam şəkildə fəaliyyətə başlamasını izləmək necə qürurverici hissdir. İlk görüntülərdən göründüyü kimi erməni vətəndaşlarımızın sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət formasında baş verir. Azərbaycan sərhədçiləri sözün əsl mənasında yüksək peşəkarlıq nümayiş etdirərək, onları incitmədən, çox gözlətmədən prosesi həyata keçirirlər.

Bu hər şeydən öncə Qarabağda yaşayan sakinlərimizin təhlükəsizliyinə hesablanmış addımdır. Daha Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləmə” aparması və Laçın yolunun “blokadaya alınması” ilə bağlı açıqlamaları növbəti həyasızlıqlarından başqa bir şey ola bilməz.

Uydurduqları yalanlarına artıq özləri də inanmırlar. Hələ bir iddia edirlər ki, Azərbaycan heç bir tərəfə və heç bir xəbərdarlıq etmədən  Laçın yolunun girişində sərhəd-keçid məntəqəsi qurub. Əvvəla Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan sərhədlərimizdə keçid məntəqələrinin qurulması üçün niyə kimsədən icazə almalıyıq? Digər tərəfdən 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyənat (Kapitulyasiya aktı) imzalananda həmin sənədin 4-cü bəndinə görə, Ermənistanın silahlı birləşmələrinin bölgəni tərk etməsi, 9-cu bəndinə görə isə Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqəsini yaradan “Zəngəzur dəhlizi”nin açılması məsələsinin qeyd edilməsi, daha sonra dövlət başçısı İlham Əliyevin məlum sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur  iqtisadi rayonlarının yaradılması, eləcə də cənab prezidentimizin Qarabağda yaşayan erməni vətəndaşlarımıza heç bir xüsusi statusun verilməyəcəyi, onların da digər ölkə vətəndaşları kimi bərabər hüquq və imkanlardan yararlanacağı, “Zəngəzur dəhlizi” olmayacaqsa, “Laçın dəhlizi” də olmayacağı, olacaqsa, hər ikisi eyni statusta malik olacağı, erməni vətəndaşlarımızın indiyə qədər etdikləri bütün vəhşiliklərə rəğmən bundan sonra Azərbaycana inteqrasiya etməyin məcburiliyi, istifadələrində olan köhnə və yeni yollardan ancaq humanitar yüklərin daşınması, silah-sursat daşınmayacağı və nəhayyət seperatçıların təsiri ilə Azərbaycan pasportu və Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin özlərinə gedib başqa yerdə məskən salmaları ilə bağlı dəfələrlə beynəlxalq tribunadan, həmçinin xarici və yerli televiziya və mətbuata açıq bəyənatları xəbərdarlıq deyildi?

Siz isə bu xəbərdarlıqları eşitməzlikdən gələrək,  məlum Üçtərəfli Bəyanata zidd şəkildə Laçın-Xankəndi yolundan sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadəni davam etdirdiniz, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan keçməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasını davam etdirdiniz. Qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstəriləndə isə hətta atəş açaraq qəhrəman əsgərlərimizi şəhid etməkdən və yaralamaqdan çəkinmədiniz. Elə bildiniz ki, belə də davam edəcək.

Ölkə rəhbərimizin son müsahibəsində səsləndirdiyi “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar... Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır... İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın” kimi kəskin fikirlərini axı nəzərə almalı idiniz.

Sizin bundan sonra seçməli olduğunuz çıxış yolunu da dövlət başçımız açıq-aydın göstərir: “Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar”. Bütün bu açıqlamalardan sonra yenə nə vaxtsa “müstəqil” olacağınıza və ya “muxtariyyat” hüququ əldə edəcəyinizin xəyalını qurursunuzsa, sözün əsl mənasında müasir tibbdə çarəsi tapılmayan bir xəstəliyə yoluxmusunuz, inanın ki, onun da müalicəsi həkimlik yox, mollalıqdır.

Yeri gəlmişkən Ümummilli lider Heydər Heydər Əliyev ziyalılarımızla görüşlərin birində bildirmişdi ki, sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması Azərbaycanın içərisinə qoyulan bir bomba olub. Məhz, xalqımızın başına gətirilən bütün fələakətlərin əsasında bu məsələ dayanıb. Ona görə, cənab İlham Əliyev “Nə qədər mən Azərbaycanın rəhbəriyəm, bir də Dağlıq Qarabağ nə müstəqil, nə də Muxtar Vilayəti olmayacaq”, deyərək bu söhbətlərə birdəfəlik nöqtə qoyanda həm də buna işarə edirdi. Onun xüsusi vurğuladığı kimi özləri üçün qondarma adlar uyduran separatçılar, - özünü qondarma prezident, nazir parlament sədri adlandıran təlxəklər toplusu, ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar.

Əks halda növbəti addımımız Xankəndində anti-terror əməliyyatlarının həyata keçirilməsi və orada bizlərlə birgə yaşamağa davam edəcək erməni vətəndaşlarımıza “Asan Xidmət”in asan yolu ilə Azərbaycan şəxsiyyət vəsiqələrinin verilməsi olacaq.