YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dost və strateji tərəfdaş dövlətlər

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində Balkan region ölkələri ilə əməkdaşlıq mühüm yer tutur. Bu baxımdan, Bolqarıstanla əlaqələrin gücləndirilməsi xüsusi qeyd edilməlidir. Aprelin 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfəri ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verəcək.

İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olundu. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İki ölkə arasında siyasi dialoqun möhkəmlənməsində qarşılıqlı yüksəksəviyyəli səfərlər mühüm rol oynayır. 1995-ci il 29-30 iyun tarixlərində Azərbaycanın dövlət başçısının  Bolqarıstana ilk rəsmi səfəri baş tutub və bundan sonra belə yüksəksəviyyəli səfərlər intensiv hal alıb. Aprelin 25-də reallaşan səfər Prezident İlham Əliyevin Bolqarıstana sayca 5-ci səfəridir. Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı iki ölkə arasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu sənəd qarşılıqlı əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir. Son dərəcə vacib əhəmiyyət daşıyan bu sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər.

İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub.

Dövlətimizin başçısının son altı ayda Bolqarıstana ikinci dəfə səfər etməsini müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür. Bolqarıstan Avropa İttifaqına üzv dövlətdir. Prezident İlham Əliyevin səfəri də ilk növbədə Azərbaycan - Aİ dialoqu kontekstində diqqət çəkir.  Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də əməkdaşlıq uğurla inkişaf edir. Bütövlükdə, gündəlik kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. Siyasi təmaslar əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Tərəflər uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Respublikamız Aİ-nin Cənubi Qafqazda ticarət dövriyyəsində lider mövqeyə malikdir. Belə ki, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür.

Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyev aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimindəki çıxışında Azərbaycanla Bolqarıstanı əsl dost ölkələr kimi səciyyələndirərək vurğulayıb: “Altı ay əvvəl mən Bolqarıstana rəsmi səfər etdim. Beləliklə, altı ay keçdikdən sonra yenə buradayam. Həmin vaxt, biz Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya mərasimində iştirak etdik. Bu layihə Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Bir ay əvvəl Prezident Radev Azərbaycanda bizim qonağımız oldu. Bu, həqiqətən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir”.

Enerji sahəsində əməkdaşlıq ölkələrimizin iqtisadi əlaqələrinin əsas istiqamətlərindən biridir. Bolqarıstan da Azərbaycan qazının yeni müştərilərindən biri qismində çıxış edir.  Ötən il iyunun 19-da “Interconnector Greece - Bulgaria” (IGB) kəməri ilə Azərbaycan qazının Yunanıstandan Bolqarıstana sınaq nəqlinə başlandı. Xatırladaq ki, IGB 2022-ci il martın sonunda TAP-a qoşulub. Bolqarıstan Azərbaycan qazını daha böyük həcmdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə alacaq. Eyni zamanda, Bolqarıstan respublikamızdan əlavə qaz həcmləri almaq niyyətini də bildirib. Cənub Qaz Dəhlizinin qollarından biri kimi Bolqarıstana “mavi yanacaq” daşıyacaq IGB-nin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə isə onun ötürücülük gücünü 5 milyard kubmetrə çatdırmaq mümkündür. Eyni zamanda, Azərbaycanın beynəlxalq brendinə çevrilən SOCAR ölkəmizi Bolqarıstanda da təmsil edəcək. Dövlətimizin başçısının dost ölkəyə son səfəri çərçivəsində Sofiyada SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı olub. Həmçinin Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib. Bütün bunlar ölkələrimizin arasında əlaqələrin strateji tərəfdaşlığa qədər genişləndiyini təsdiqləyir.

DİGƏR Xəbərlər Arxiv