YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həlledici addımlar

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Ölkəmizə 30 ildən çox rəhbərlik etmiş Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atmışdır.

Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

Müstəqilliyin ilk illərində ölkəmiz ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Belə ki, sosializm sistemindən bazar iqtisadiyyatına keçid qeyri-peşəkar aparılır, ciddi sosial-iqtisadi, maliyyə problemlərinə yol açırdı. Ölkədə yaranan bu vəziyyətdən müəyyən qruplar öz məqsədləri üçün istifadə edirdilər. Bank sektorunda yüzlərlə bank fəaliyyət göstərir, qısa zamannda müflisləşərək vətəndaşların inamını puç edirdilər.

Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimais-iyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Ən əsası isə, bunun üçün ümummilli liderimizə o qədər də uzun bir vaxt tələb olunmadı.

1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaratdı. Respublikamizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu. Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri neft strategiyasının hazırlanması idi. Müəllifi ümummilli lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də başlanıldı. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.

Ulu Öndər Heydər Əliyevin özünün də vurğuladığı kimi, ""Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı. Bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaq”."Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması və gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və dahi Öndər Heydər Əliyev tərəfindən işlənilib hazırlanan yeni neft strategiyasının parlaq təzahürüdür. "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının istismarını nəzərdə tutan neft müqaviləsinin imzalanması ölkəyə xarici investisiyanın ölkəmizə axınına səbəb oldu. Bu hələ sovet dövründən başlanan danışıqların, Heydər Əliyev tərəfindən atılan konkret addımlarla həyata keçirilməsi idi. Ulu Öndər Heydər Əliyev düşünülmüş strategiya tətbiq edərək xarici ölkələrin şirkətlərini Azərbaycana gətirdi. "Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi.

Ulu Öndər Heydər Əliyev “Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, BakıTbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, geniş miqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına ixracinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli BakıTbilisi-Ceyhan əsas boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirildi və aparılan danışıqlar uğurla nəticələndi.Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Ulu öndər bu sazişin əhəmiyyətini qeyd edərək demişdir: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir.”

1996-cı ildə ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. Azərbaycan MDB-də torpaq islahatlarına start verən ilk ölkə oldu. Ulu öndərin müəyyənləşdirdiyi strategiyaya əsasən, digər ölkələrdən fərqli olaraq respublikamızda torpaqlar vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. MDB-nin digər ölkələrindən fərqli olaraq Azərbaycan vətəndaşları yararsız və ya az yararlı torpaqlarla deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin olundular. Nəticədə 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün uzaqgörən siyasəti və gərgin əməyi sayəsində, ağır və ziddiyyətli şəraitə baxmayaraq, tarixin çox qısa bir zamanı çərçivəsində ölkəsinin kövrək müstəqilliyini qoruyub möhkəmləndirməklə bərabər, respublikanın sosial-iqtisadi inkişafında və dünya təsərrüfat sisteminə inteqrasiya olunmasında da çox böyük uğurlar qazandı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkədə müstəqil dövlət quruculuğu prosesinin həyata keçirildiyi bu dövrdə iqtisadi islahatların mahiyyətcə tam yeni bir modeli – Azərbaycan modeli meydana gəldi. Artıq 2003-cü ildən başlayaraq, yeni bir liderin – Prezident İlham Əliyevin rəhbərliyi ilə məhz bu iqtisadi modelin ikinci mərhələsi reallaşdırılmağa başlanıldı.

Bu gün ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı həyata keçirilir. Dünyanın bir çox ölkələri ilə iqtisadi əməkdaşlıq qurulmuşdur. Ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar dünyanın Azərbaycana olan etibarının artması ilə şərtləndirilir. Bütün bu uğurlar ulu öndər Heydər Əliyev və onun siyasətinin dönməz davamçısı olan Prezident İlham Əliyevin fəaliyyətinin bəhrəsidir.

DİGƏR Xəbərlər Arxiv